KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan əhalisinin 80 faizi TƏHLÜKƏDƏ - Alimlərdən FƏRQLİ MÖVQE

Azərbaycanda 7 milyon insan malyariya xəstəliyinə görə risk qrupuna aiddir.

Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov deyib. Lakin son illər Azərbaycanda yerli əhali arasında malyariya aşkarlanmayıb. 2016-cı ildə 1, 2015-ci ildə 2, 2014-cü ildə 4 nəfər əcnəbi vətəndaşda malyariya aşkarlanıb.

Mlayariyanın daha çox yay aylarında aktivləşməsi, ard-arda ölkədə keçirləcək olan beynəlxalq tədbirlər, Onun sürətlə yayılan xəstəlik olması, uşaqlar və yaşlılar üçün təhlükəsini nəzərə alaraq növbəti aylarda 7 milyonun təhlükədə olması ciddi narahatlıq yaradan məqamdır.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin parazitologiya şöbəsinin müdiri Süleyman Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, Bakı, dağ rayonlarını və bəzi rayonların dağlıq kəndlərini çıxmaq şərtilə respublika ərazisinin 80 faizi malyariyanın yayılması üzrə endemik zonadır: “Malyariyanın ən çox yayıldığı bölgələrə Kür-Araz ovalığı, Quba-Xaçmaz, Mil-Muğan, Lənkəran, Aran rayonlarını aid etmək olar. Bu da təxminən 7 milyon insanın risk altında olması deməkdir. Lakin Ağsu malyariyaya görə ən gərgin zonadır, onun dağ kəndlərində heç bir təhlükə yoxdur. Bakıda malyariyan yayan ağcaqanadların inkişaf etməsi üçün şərait yoxdur”.

Son 4 ildir respublikada yerli malyariya qeydə alınmadığını deyən S.Məmmədov təhlükənin hər zaman olduğunu vurğulayıb: “Malyariya ləğv edilməyib, çünki hələ də dünyanın bir çox ölkələrində yayılıb. Bugünkü miqrasiyanı nəzərə alaraq deyə bilərik ki, əgər ölkəyə malyariyalı şəxs gələrsə, ağcaqanadlar vasitəsilə bu bölgələrdə yaşayan insanlar arasında yayıla bilər”.

S.Məmmədov onu da bildirdi ki, malyariya aşkarlanmasa da, qarşısını almaq üçün tədbirlər davam etdirilir: “Ağcaqanadlara qarşı dezinseksiya işləri Gigiyena və Epidemologiya Mərkəziləri tərəfindən aparılır. Onların tamamilə kökünü kəsmək mümkün deyil. Onların sayını, insanlarla təmasını azalda bilərik”.

V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun “Malyariya – leyşnamiozlar laboratoriyası”nın baş elmi işçisi Nəsib Namazov isə malyariya qeydə alınmadığı halda 7 milyon insanın təhlükədə olduğunu deməyi doğru hesab etmir: “Ölkə ərazisində malyariyanın hansı bölgələrdə, nə qədər insan arasında yayılmasını demək üçün ilk növbədə xəstəliyin özü aşkarlanmalıdır. Onun növünü müəyyən etdikdən sonra, yayılma faizini təxmin etmək olar. Məsələn, hər hansı kənddə 10 nəfərin yoluxmasını aşkarladığımız halda 100-150 nəfərin yoluxma təhlükəsinin olduğunu deyə bilərik. İndiki halda isə belə bir proqnoz vermək doğru deyil”.

N.Namazov malyariya yayan ağcaqanadlara qarşı görlüən tədbirlərin yetərli olmadığını deyir: “Azərbaycanda yalnız xarici ölkə vətəndaşlarının gətirdiyi malyariyanın yayılma ehtimalı var. Onlar malyariya yayan ağcaqanadlar vasitəsilə əhali arasında yayıla bilər. Ağcanadların sayının azalması üçün onlara qarşı mübarizə aparılmalıdır. Lakin son illər onlara qarşı tədbirlər demək olar ki, görülmür. Düzdür, aparılan tədbirlər nəticəsində bəzi növlər sıradan çıxıb. Bir vaxtlar Bakıda aides yekubiti, anofiles veroni olub, sonra məhv olub. Azərbaycanda malyariya yayan ağcaqanadlar anopheles maculipennis, anopheles saxarovadır. Hələ ki, xəstəlik üzrə respublika ərazisində aktivlik yoxdur.

Ümumiyyətlə isə, Azərbaycanda ən çox ağcaqanadlar Lənkəran (23 növ, 3 yarımnöv) zonasında yayılıb. Sonrakı yerdə Böyük Qafqaz durur, Kür-Araz ovalığı, Kiçik Qafqaz bölgəsində nisbətən azdır”.

Qeyd edək ki, ölümcül qlobal xəstəliklərdən biridir hesab edilən malyariya Afrikada çox yayılıb. Ağcaqanadlar vasitəsilə yayılan xəstəlik əsasən malyariyayaya parazitləri insanın qanına düşdükdən sonra yaranır.

Paarazitlər dövr edərək qaraciyərə düşürlər, onun hüceyrələrinə nüfuz edirlər, orada böyüyərək çoxalırlar. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olurlar. Bu proses bir həftədən bir neçə aya kimi çəkə bilər. Parazitlər qaraciyərdə olduqda insan heç bir narahatlıq hiss etmir.

Qan dövranına düşəndə parazitlər digər orqanlara, o cümlədən beyinə də xətər yetirə bilər. Malyariya zamanı yüksək qızdırma, üşütmə, baş ağrıları, əzələ ağrıları və yorğunluq müşahidə edilir. Bundan savayı eyni zamanda ürək bulanması, qusma və ishal da müşahidə oluna bilir. Eritrositlərin parçalanması səbəbindən malyariya anemiyanın yaranmasına və eləcə də ödün dağılmasına (dəri və gözlərin saralması) gətirib çıxara bilər. Malyariyanın parazitlərinin ən təhlükəli növü olan Plasmodium falciparum tərəfindən törədilən xəstəlik zamanı böyrək çatışmazlığı, epileptik qıcolmalar, əqli pozğunluqlar, koma və vaxtında müvafiq tibbi köməyin göstərilmədiyi təqdirdə ölüm baş verə bilər.


23:05 24.04.2017