KANAL24.AZ
Az Iw En Ru

Bu gün AŞPA-da erməni-türk qarşıdurması gözlənilir

Bu gün - Aprelin 24-də Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayacaq. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün aprelin 23-də Strasburqa gediblər.

Musavat.com xəbər verir ki, yaz sessiyası aprelin 30-dək davam edəcək.

Milli Məclisin Mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildirlər. Sessiya dövründə AŞPA-nın son 6 ay ərzində fəaliyyəti barədə və Türkiyədə demokratik institutların fəaliyyəti barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Türkiyə ilə bağlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinin çıxışları nəzərdə tutulub.

Bundan başqa, sessiya çərçivəsində Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Muijneksin 2016-cı il üzrə hesabatı olacaq, suallara cavab veriləcək.

Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA komitələrinin və siyasi qruplarının işində də iştirak edəcəklər. Səfər çərçivəsində nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA Bürosunun da tədbirlərinə və təşkilatın gələcək fəaliyyəti ilə bağlı müzakirələrə qatılacaq.

Yayılan xəbərlərə görə, Türkiyədə demokratik institutların fəaliyyəti barədə məruzələrin dinlənilməsinin yaz sessiyasının gündəliyə salınması təsadüfi deyil. Bu məsələdə ermənilərin və AŞPA rəhbərliyindəki ermənipərəst şəxslərin marağı var. Yaz sessiyasının başlanma tarixi 24 aprelə - qondarma “erməni soyqırımı”nın ildönümünə təsadüf etdiyindən ermənilər və ermənipərəstlər AŞPA sessiyasında Türkiyənin üzərinə getmək, bu ölkəni hədəfə almaq üçün gündəliyə Türkiyədə demokratik institutların fəaliyyəti barədə məruzələrin dinlənilməsini və müzakirəsini daxil etməyə nail olublar. Böyük ehtimalla, məruzələr çox sərt tənqidi ruhda olacaq və AŞPA-dakı erməni deputatlar və onların dəstəkçiləri Türkiyəyə qarşı hücuma keçib AŞPA-dan bu ölkəyə qarşı sərt qətnamə və qərarların qəbul olunmasını tələb edəcəklər.

Şübhəsiz ki, “erməni soyqırımı” məsələsini də türk düşmənləri unutmayacaq. İstisna deyil ki, “erməni soyqırımı qurbanları”nın xatirəsinin AŞPA-da sükutla yad edilməsinə nail olmaq istəsinlər. Görünür, qeyd olunanlar barədə Azərbaycan nümayəndə heyəti də məlumatlıdır. Bu səbəbdən də Türkiyə ilə bağlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinin çıxışları nəzərdə tutulub. Şübhəsiz ki, Azərbaycan deputatları qardaş ölkənin müdafiəsi yönündə çıxışlar edəcəklər.


15:57 24.04.2017