KANAL24.AZ
Az Iw En Ru

DİM-in saytı da pullu oldu: Narazılıq artır

Bir ildən sonra Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsinin pullu olacağı barədə məsələ ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya açıqlamasında deyib ki, Dövlət İmtahan Mərkəzinin öz fəaliyyətinin obyektivliyini əks etdirən, ictimai məmunluğu və elmi dayanıqlılığının təmin edilməsi üçün hazırlanan məlumatların pullu edilməsi yolverilməzdir:

“Bildiyiniz kimi, 2016-cı ilin aprel ayında ölkə başçısının sərəncamı ilə TQDK ləğv olunaraq onun bazasında ölkə ərazisində bütün imtahan xidmətlərini həyata keçirmək üçün publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi (DİM) yarandı. Əgər əvvəllər fəaliyyət göstərən TQDK dövlət qurumu idisə və büdcə vəsaiti ilə maliyyələşirdisə, yeni yaranmış DİM bu imtiyazdan məhrumdur və göstərdiyi xidmətləri pullu edərək öz büdcəsini formalaşdırır. Lakin bu, o demək deyil ki, pullu xidmətlər deyəndə bütün məlumat bazası nəzərdə tutulur. Fəaliyyət və idarəetmə formasından aslı olmayaraq dövlətin siyasətini əks etdirməklə xidmət göstərən bütün dövlət, qeyri- dövlət təşkilatları mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydaları və dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı ilə bu xidmətləri pulsuz olaraq göstərməyə borcludurlar.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində göstərilib ki, yalnız ödənişli əsaslarla sınaq imtahanları keçirmək və müqavilə əsasında hazırlıq kursları, təlimlər təşkil etmək, imtahanlar keçirmək, vəsaitlər, jurnallar çap etmək səlahiyyətinə malikdir. Bütün mənbələri pullu etmək olmaz. Azərbaycan dövlətinin daxili siyasətinin əsasını sosial rifah təşkil edir. Prezident tərəfindən təsdiq edilmiş “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na görə təhsil əlçatan olmalıdır. Amma bütün xidmətləri pullu edərək biz bunun qarşısını almış oluruq. Düşünürəm ki, 2017-2018-ci tədris ili üçün tətbiq edilmiş yeni xidmət haqqı qiymətləri kifayət qədər yüksəkdir və DİM özünün bütün maliyyə xərclərini ödəyə bilər”. 

Ekspert hesab edir ki, əgər bütün xidmətlər pullu edilərsə, ölkədə alternativ başqa bir imtahan keçirən qurum da yaradılmalıdır: “Çünki bu sahədə bir müəssisəsinin fəaliyyət göstərməsi keyfiyyət yox, kəmiyyət artımına yönəlir. Əgər başqa bir imtahan keçirmək üçün qurum da yaradılsa, onlar arasında daha ucuz və keyfiyyətli xidmətlərin göstərilməsi üçün rəqabət yaranacaq və heç kim daha çox qazanmaq haqqında yox, daha keyfiyyətli xidmət göstərmək haqqında düşünəcək. Fikrimcə, qəbul və sınaq imtahanlarından başqa digər xidmətlərin pullu edilməsi işin keyfiyyətinə mənfi təsir göstərəcək”. 


03:41 23.04.2017