KANAL24.AZ
Az Iw En Ru

Vəkil pulun qaytarılmasına təminat vermir

Bir neçə gün əvvəl Bakı şəhər sakini Namiq Mehdiyev LEGİON-a müraciət edib. Namiq Mehdiyev öz müraciətində Rahib və Emin Hüseynov qardaşlarının onun pulunu mənimsədikləri barədə şikayət edir.

Yeri gəlmişkən, xatırladaq ki, Rahib və Emin Hüseynov qardaşları dələduzluqda ittiham olunur və hazırda ev dustağıdırlar. Namiq Mehdiyev öz müraciətində qeyd edir ki, 2015-ci ildə Rahib Hüseynov həbsxanadan çıxan kimi mənə dedi ki, bizneslə məşğul olmaq üçün ona 22 min manat pul lazımdır: “ Mən pulu ona verdim. Amma sonradan pulun 7 min manatını qaytardı və mənə 15 min manat borclu qaldı”.

Mehdiyevin sözlərinə görə, bir müddət sonra Rahib Hüseynova yenidən pul lazım olur: “ Bu dəfə o məndən 6 min dollar pul istədi. Məndə o qədər pul yox idi, ona görə də bu pulu həyat yoldaşımın rəfiqəsindən borc götürüb Rahibə verdim. Rahib söz verdi ki, pulu hissə-hissə hər ay qaytaracaq. Həqiqətən də 4 ay Rahib pulun bir hissəsini qaytardı, ancaq 4 aydan sonra pulun qalan hissəsini qaytarmadı və borc mənim üstümdə qaldı”.

Mehdiyevin sözlərinə görə, Rahib Hüseynovun qardaşı Emin Hüseynov da ona böyük məbləğdə borcludur: “ Emin Hüseynov mənə 105 min manat borcludur. Emin Hüseynov Qazaxstana qaçsa da, İnterpolun köməkliyi ilə Azərbaycana ekstradisiya olundu”.

Şikayətçi bildirir ki, Emin Hüseynovun valideynləri İsmayıl və Lətifə Hüseynovlar Rahibə 35 min manat verirlər ki, Eminin mənə olan borcunun bir hissəsini ödəsinlər: “ Ancaq Rahib Hüseynov mənə 10 min manat verərək 25 min manatı özünə saxlayır. Mən 5 ay sonra bu barədə bildim və qalan pulu Rahibdən tələb etdim. O dedi ki, ona pul lazım olub və həmin pulu 6 ay müddətində qaytaracağı ilə bağlı mənə “yazılı söz” verdi. Ancaq pulu qaytarmadı”.

Namiq Mehdiyevin sözlərinə görə, həmin dövrdə devalvasiya baş verdi və 1 dollar 1manat 60 qəpik oldu və Rahib Hüseynov mənə söz verdi ki, borcunu dollar hesabı ilə qaytaracaq: “ Beləliklə onun mənə borcu 31 min 500 dollar oldu. Amma tezliklə Rahib Hüseynov ölkədən qaçdı. Mən Binəqədi Polis İdarəsinə şikayət etdim. Mənim şikayətim Cavid adlı ( familyasını xatırlamıram ) təhqiqatçıya tapşırıldı. Azərbaycana qayıdan Rahib Hüseynovu saxlayaraq Binəqədi Polis İdarəsinə gətirdilər. İdarə rəisinin yanında Rahib söz verdi ki, bir ay müddətinə mənim pulumu qaytaracaq. Ancaq o sözünə əməl etmədi və mənə 1000 dollar qaytardı. Beləliklə onun mənə borcu 30 min 500 dollar oldu. Sonra Rahib Hüseynovun işini Daxili İşlər Nazirliyinə göndərdilər. Və o həbs olunaraq Kürdəxanı istintaq təcridxanasına göndərilir. Mənim zərəçəkən kimi işim DİN-ə göndərildi”.

Bizimlə söhbət zamanı Mehdiyev digər qardaş Emin Hüseynovla da münasibətləri barədə danışdı: “ Emin Hüseynov mənə 76 min manat və 2 min dollar borcludur. Birinci dəfə o məndən 30 min manat borc alıb. O mənə demişdi ki, ölkəyə qatqı gətirmək üşün ona pul lazımdır.Ona pul verməzdən öncə onun atası İsmayıl Hüseynovla söhbət etdim. O dedi ki, narahat olma pula görə məsuliyyət daşıyır. Bir neçə gündən sonra Emin Hüseynov mənə dedi ki, bir fura qatqı Azərbaycana gəlir, ancaq pul yarım fura çatır, qalan yarım furun pulunu sən ödə. Bir furun qiyməti 220 min manat idi. Mən 60 min manat borc götürdüm, ancaq Eminə dedim ki, anası Lətifə Hüseynova ilə razılıqdan sonra pulu verə bilərəm.

Emin xahiş etdi ki, anama demə, anamgil mənim qazancımı əlimdən alıb Rahibə xərcləyirlər. Amma mən Lətifə Hüseynova ilə söhbət etdim. Lətifə Hüseynova mənə bildirdi ki, narahat olma, qatqı məsələsi ilə onun əmisi oğlu Məhəmmədlə birgə məşğul olurlar. Anası ilə razılaşmadan sonra mən Eminə 60 min manat verdim. Sonra Emin məndən “rastomojka” üçün əlavə 15 min manat istədi. Mən bu pulu da başqasından alaraq ona verdim”.

Mehdiyevin sözlərinə görə, 29 dekabr 2014-cü ildə onun bir tanışı qızıl sırğa və üzük satırmış: “ Üzüklə sırğanın dəyəri 2500 manat idi. Emin mənə dedi ki, ala bilərəm. Emin üzüklə sırğanı alsa da pulunu vermədi və həmin borc da mənim üzərimdə qaldı. Sonra Emin məndən 5 min manat pul istədi, guya pul onun qaynına lazımdır. Mən ondan soruşanda ki, sənin qaynın bankda işləyir, onun 5 min manatı yoxdur? O cavab verdi ki, onun qaynanasında pul var, ancaq depozitdədir. Emin mənə söz verdi ki, 3 gün müddətində pulu qaytaracaq: “ Mən ona 3500 manat və 2 min dollar pul verdim. O pul da geri qayıtmadı. Beləliklə Eminin mənə borcu 76 min manat və 2 min dollar oldu. Az müddət sonra mən öyrəndim ki, Eminin heç bir biznes-planı, qatqı gətirmək məsələsi -zadı olmayıb”.

Müxbirimizin “Kimdən öyrəndiniz?” sualına Mehdiyev cavab verib ki, Hüseynovların biznes-planına məndən başqa mənim tanışım Vüqar Bağırov da pul qoymuşdu: “ Biz onunla Hüseynovların mənzilinə getdik. Biz qardaşların anası Lətifə Hüseynova ilə görüşdük. O, bildirdi ki, Emin ölkədən qaçıb, amma narahat olmayın, əmimoğlu bu işlə məşğuldur, hər şey yaxşı olacaq və bu işə adını çəkmək istəmədiyim dövlət adamları qarışıb. Mehdiyev bildirdi ki, 10 gün keçəndən sonra biz yenidən Lətifə Hüseynova ilə görüşdük: “ O yenə söz verdi ki, məsələ teliklə həll olunacaq. Ancaq Vüqar Bağırov ona inanmadığı üçün Lətifənin əmisioğlu Məhəmmədin yanına getdi. Və məlum oldu ki, Məhəmmədin qatqı məsələsindən ümumiyyətlə xəbəri yoxdur. Sonra Rahib Hüseynovu Azərbaycanda həbs etdilər, Emini isə Qazaxstandan ekstradisiya etdilər.

2016-cı ilin noyabr ayında məni prokurorluğa çağırdılar. Üzləşmə zamanı Emin mənə borclu olmadığını bildirdi. Onun vəkili Sevil Hacıyeva isə bildirdi ki, guya mənim Emin Hüseynova 90 min manat borcum var. Sonra vəkil dedi ki, guya mən pulu Eminə faizə vermişəm. Mən soruşdum ki, hansı faizdən söhbət gedir, mən Emindən bir manat pul almamışam. Bu gün Rahib mənə 30 min 500 dollar, Emin isə 76 min manat və 2 min dollar borcludur. Mən Hüseynovlara 40 min manat öz pulumu, qalanı isə başqalarından borc alaraq vermişəm. Mən avtomobilimi satmağa məcbur olmuşam, evim ipotekada girovdur, bu yaxınlarda əməliyyat olunmuşam, işləyə bilmirəm, 10 yaşlı qızım Daun sindromundan əziyyət çəkir, mən onun dərmanlarını ala bilmirəm, çox pis vəziyyətdəyəm”.

 Rahib və Emin Hüseynov qardaşlarının vəkili Sevil Hacıyeva bizimlə söhbətində Namiq Mehdiyevin dediklərini inkar etdi: “ Namiq Mehdiyevə heç kim borclu deyil, o pulu faizə verib”. Müxbirimizin “ Sizin əlinizdə bunu sübut edən sənəd varmı?” sualına Sevil Hacıyeva belə cavab verdi: “ Mehdiyevin aldığı pulların sənədi var”. Müxbirimiz “Həmin sənəddə Mehdiyevin faizə pul verməsi qeyd olunubmu” soruşanda vəkil bildirib ki, elə sənəd yoxdur, aldığı pulların kağızı var. Biz Hüseynov qardaşlarına borc verən Mərziyyə Rzayeva ilə də əlaqə saxladıq.

O, bildirdi ki, Rahib Hüseynov ondan 2 min dollar borc alıb: “ O, mənə dedi ki, biznes qurur. Onun vəkili Sevil Hacıyeva isə mənə dedi ki, borcun qaytarılacaq. Emin Hüseynov mənə min dollar və 17 min manat borcludur. Sevil Hacıyeva və Rahib Hüseynov söz verdilər ki, borcum qaytarılacaq. Amma sonra Rahib Hüseynov mənə zəng edərək bildirdi ki, hara istəyirsən şikayət et, pulu qaytarmayacam”.

Bakı sakini Tural Hüseynov isə bildirib ki, Emin Hüseynov ondan 382 min dollar pul alıb: “ O mənim borcumun bir hissəsini qaytardı. O, mənə 182 min dollar borclu qalıb”. Digər borcverən Emin Məmmədovla da əlaqə saxladıq. Məmmədovun sözlərinə görə, Hüseynov qardaşları onu da aldadıb: “ Rahib Hüseynov məndən 38 min dollar almışdı. Sonra 3 min dolları qaytardı. Hazırda o mənə 35 min dollaar borcludur. 3 min dolları isə ona görə mənə qaytardı ki, onun ev dustaqlığına razılıq verim. Biz hətta onunla notarial qaydada müqavilə bağladıq ki, pulumu 15 aprelədək qaytaracaq. Hətta vəkil Sevil Hacıyeva mənə söz verdi ki, borcun vaxtından əvvəl qaytarılacaq. Amma pulumu qaytarmadılar. Mənə əsas borclu olanlar Emin Hüseynov və Elnar Əsgərovdur (Nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun oğlu)”.

Müxbirimizin “ Onlar sizə nə qədər borcludur?” sualına Emin Məmmədov “ 2 milyon 500 min dollar” deyə cavab verib. Müxbirimiz soruşub ki, “ Siz hüquq –mühafizə orqanlarına şikayət etmisinizmi?” Emin Məmmədov belə cavab verib: “ Bəli şikayət etmişəm. Mənim şikayətim əsasında cinayət işi qaldırılıb. Ancaq günahkarlar cinayət məsuliyyətinə cəlb olunmayıb. Emin Hüseynov həbs olunsa da sonradan ev dustaqlığına buraxıldı”.

Vəkil Sevil Hacıyeva ona yönələn ittihamları rədd etdi. O,  bildirdi ki, mən heç kimə deməmişəm ki, borcun geri qaytarılacaq: “ Mən ancaq Hüseynovları müdafiə edirəm. İstintaq gedir. Əgər Mərziyə Rzayevanın, Emin Məmmədovun, Namiq Mehdiyevin dedikləri təsdiqini taparsa, pulları qaytarılacaq”.(Çingiz Rüstəmoğlu)


06:00 22.04.2017