KANAL24.AZ
Az Iw En Ru

Ədəbiyyatımızın patriarxı: Çingiz Hüseynov – 88

Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür. Çingiz Hüseynov 1929-cu ildə Bakıda anadan olub. “Fətəli fəthi”, “Məhəmməd, Məmməd, Məmiş”, “Çətin yoxuş”, “Ailə sirləri” kimi əsərlərin müəllifi Çingiz Hüseynov bu gün 88 yaşını qeyd edir.

 Kulis.Az bu münasibətlə yazıçını təbrik edir və qələm adamlarının onun haqqında fikirlərini yayımlayır.

 

 

Qorxmaz Quliyev

 

 

 

Hörmətli Çingiz müəllim! Gənclik illərimdə “Məhəmməd, Məmməd, Məmiş” əsəri ilə müasir həyatın, “Fətəli fəthi” ilə tariximizin son dərəcə mühüm problemlərini ortaya qoyub mahiyyətini üzə çıxarmaqla virtual tələbənizə ədəbiyyat və zaman dərsi verdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

 

Nəriman Əbdürrəhmanlı

 

 

Çingiz Hüseynov məndən ötrü müəllim, ustad, çağdaş ədəbiyyatın nəhəng simalarından biridi. Mən onun “Məhəmməd, Məmməd, Məmiş” romanından təsirlənmiş, “Fətəli fəthi”, “Doktor N”, “Merac”, “Oyun direktoriyası”, “Aşkar olan gizli mənalar” əsərlərindən heyrətlənmişəm. Ustadı eyni dil məkanında yazıb-yaratmış adaşı Çingiz Aytmatov siqlətində olan bir qələm sahibi sayıram. Əminəm ki, ustadın əsərləri hələ dünyanı bundan sonra fəth eləyəcək.

 

Elçin Hüseynbəyli

 

 

Çingiz Hüseynov Azərbaycanın istedadlı yazıçılarından biridir. O vaxt onun “Məhəmməd, Məmməd, Məmiş” əsərini oxumuşdum. Mənə maraqlı gəlmişdi. Ancaq sonuncu əsəri “Bir göz qırpımında”nı oxuya bilmədim. Əsər merac üstündə qurulmuşdu. Quran, Məhəmməd peyğəmbər haqqında danışılırdı. Mənə çox ağır gəldi. Ümumiyyətlə, fəlsəfə, elm üzərində qurulmuş əsərləri oxuya bilmirəm. Məni daha çox interaktiv əsərlər cəlb eləyir. Bu baxımdan Çingiz Hüseynov mənim yazıçım deyil. Ancaq hər halda Azərbaycanın ən ciddi qələm adamlarından biridir. 

 

 

Etimad Başkeçid

 

 

İnstituta qəbul olunana qədər Çingiz Hüseynovun «Məhəmməd, Məmməd, Məmiş» romanından başqa heç bir əsərini oxumamışdım. Həyatı haqqında heç bir təsəvvürüm yox idi, onun 70-ci illərdə bizim Ədəbiyyat institutunda kafedra müdiri işlədiyini də sonradan öyrəndim. Onunla şəxsi tanışlığım olmayıb, amma Rusiya ədəbi mühitində haqqında həmişə hörmətlə danışılan adam olduğunun şahidiyəm. Doğum günüdür deyə, mütləq patetik sözlər söylənməlidir fikrindən uzağam, amma Çingiz Hüseynov, istər alim, istərsə də yazıçı kimi, doğrudan da, hər cür xoş sözlərə layiq sənətkardır.

 

 

Qismət

 

 

Çingiz Hüseynovun yaradıcılığı ilə tanışlığım tələbəlik illərinə düşür. Yay tətillərində Zaqulbadakı bağ evimizdə, nənəmin yanında qalırdım. Orda babamın böyük kitabxanası vardı, bir gün o kitabların içində Çingiz Hüseynovun bir neçə kitabı ilə rastlaşdım: bizim dildə “Fətəli fəthi”, rusca “Məhəmməd, Məmməd, Məmiş” və "Ailə sirləri". Hamısını tələbəlik illərində oxudum, amma düzünü deyim ki, tam mənası ilə o əsərlərə nüfuz eləyə bilməmişdim. 2011-ci ildə Peredelkinoda Çingiz müəllimlə öz evində görüşdük, onun evi yaxın günlərdə dünyasını dəyişən məşhur estrada şairi Yevtuşenkonun eviylə üzbəüz idi. O görüşdə ustad rusca yenicə çıxmış kitablarından birini hədiyyə etdi – “Minuvşee navstreçu”, özü bizim dildə “Keçən günə gün çatmaz" adlandırır. Peredolkinoda ustadın da qonaq olduğu bir şeir məclisində olduq, Çingiz müəllimə orda “Patriarx” deyirdilər. Bakıya qayıdandan sonra onun tələbəlikdə oxuduğum kitablarını yenidən oxudum, böyük də zövq aldım. Mübaliğəsiz deyirəm, Çingiz Hüseynov həm mühitinin, dövrünün şahidi olmaq baxımından, həm də yazı manerasına, texnikasına görə, həm də dərin intellektinə görə dünya çapında yazıçıdır. Onu tanımaq böyük şərəfdir. 

Kanal24 komandası adından dəyərli yazıçımızı təbrik edirik.


06:38 21.04.2017