KANAL24.AZ
Az Iw En Ru

"DÖVLƏT İMTAHAN MƏRKƏZİ TƏLƏBƏLƏRƏ “ÇIX GET, OXUMA” DEYİR"

Şahlar Əsgərov: "Pul insanların beynini necə çürüdübsə, yaxşı ilə pisi seçmək olmur

"Bu il magistraturaya imtahan verənlərin sayının iki dəfə azalmasına ürək ağrısıyla yanaşıram”.
Bunu Sherg.az-a təhsil eksperti, professor Şahlar Əsgərov deyib. 
 
O bildirib ki, əhsilin yüksək pilləsi - magistratura, doktorantura dövlət tərəfindən ödənişsiz təşkil olunmalıdır:
 
"İkinci dünya müharibəsində magistrantları müharibəyə aparmırdılar ki, qalıb oxusunlar. Çünki başa düşürdülər ki, ağıllı, savadlı insanlar çox olarsa, dövlətə xeyri də çox olar. İnsan ağlını artırmaq üçün mütləq təhsil almalıdır. Dövlətin inkişafını istəməyənlər bu sahələrdə əngəlləri daha da artırar. Bakalavrların qarşısındakı "çəpərlərin” sayını artırmaqla magistrantların sayını azaltmaq olar. Götürülən xətt milli mənafeyə uyğun olan xətt deyil. Əksinə Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul üçün gələn tələbənin qarşısına "gül-çiçəklə” çıxmalıdır, ona daha artıq şərait yaratmalıdır. İmtahan etdikdən sonra nəticələrinə uyğun təmin etməlidir. Yoxsa, ümumilikdə 100 manat xərc çəkən tələbəyə göstərilən bu münasibət "çıx get, oxuma” demək kimi bir şeydir.
 
Təqribən 100 il bundan əvvəl belə bir fikir olub. Mirzə Ələkbər Sabir ötən əsrdə valideynin adından "Oğul mənimdir əgər, oxutmuram əl çəkin” deyib. İndi isə dövlət qurumu deyir: Gənc mənimdir əgər, oxumağına imkan verməyəcəm. Təqribən belə vəziyyət ortaya çıxır.
 
Yenə deyirəm, bu ürək ağrıdıcı haldır. Bu şəkildə pul qazanmaq olmaz. Gəlir artırmağın yolları başqa cür olmalıdır. Mən xəstə insanamsa, dərmana ehtiyacım varsa, ehtiyacımı bilib, cibimdə olan pulun hamısını niyə dərmana verməliyəm? Bu xüsusilə dərin köklü məsələdir. Pul insanların beynini necə çürüdübsə, düzlə əyrini, yaxşı ilə pisi seçmək olmur. Sonunda bulanıq vəziyyət yaranır, hərə öz bildiyini edir”.
 
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb. Bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı ötən ilə nisbətən 2 dəfə az olub.

 


00:56 14.04.2017
Xəbər lenti
Bütün xəbərlər