KANAL24.AZ
Az Iw En Ru

“Moskva-Tehran-Ankara koalisiyası boş xəyaldır…”

Türkiyə “Fərat qalxanı” əməliyyatı nəticəsində qarşısına qoyduğu hədəflərə çatdı.

Bu sözləri  açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, “Fərat qalxanı” əməliyyatının sona çatmasının elan edilməsi ilə ortaya çıxan iki məqam diqqəti cəlb edir:

“Birincisi, belə bir rəy formalaşdı ki, Türkiyə Suriyada artıq istədiyini əldə etdikdən sonra Rusiya və dolayısı ilə İranla müəyyən razılıqlara gələcək. Arqument kimi Əsəd rejiminin Türkiyənin şimalında keçirdiyi əməliyyatlara aktiv müdaxiləsi və sadəcə siyasi bəyənatlarla kifayətlənməsi, eləcə də AKP-nin Əsəd rejiminə münasibətini yumuşaltması önə sürüldü. Lakin Suriya aktiv şəkildə olsa belə, şimalda Türkiyənin əl-qolunu yığacaq imkanlara malik deyildi.

İkincisi, Rusiya və İranın dəstəyi ilə tədricən ölkədə əsas silahlı güc olduğunu nümayiş etdirən Əsədin mövqelərini gücləndirməsi, müxalif qüvvələrin isə mərkəzdə ard-arda yaşadıqları məğlubiyyətlər fonunda ABŞ rəsmilərinin Suriya iqtidarına daha loyal yanaşmaları və əsas hədəfin İŞİD-in mərkəzi Rakka olmasında israr etmələri belə bir təəssürat yaradırdı ki, rəsmi Dəməşqi qəbul etməyən Qərb və Türkiyə artıq olanlarla barışıb”.

Analitik bildirib ki, ABŞ-ın endirdiyi zərbələr Rusiya, İran və rəsmi Dəməşq üçlüyünün Hələbin ələ keçirilməsiylə yaratmış olduqları “qalib tərəf” imicinə bir şapalaq idi və bu, asanlıqla “həzm edilməyəcək”:

“Əməliyyatın davam etməsi ehtimalı azdır. Başlıca məqsəd İdlibi bombalayan Suriya hərbi təyyarələri və kimyəvi silahların yerləşdiyi bazanın məhvi idi. Buna isə faktiki olaraq nail olundu. Bundan sonra əməliyyatı davam etdirmək üçün ciddi əsaslar lazım olacaq. Rusiya tərəfinin sözü ilə desək, belə əsaslar isə hazırda yoxdur. Suriyaya hərbi müdaxilə ABŞ ordusu üçün ciddi problem ola bilər. Amerikalılar İran və Rusiya ilə birbaşa üz-üzə qalmamaq üçün Suriyada quru əməliyyatı keçirmək istəmirlər. Pentaqon üçün ən əlverişli variant dənizdən raketlə Suriya hədəflərinin vurulması idi ki, bu da edildi”.

V.Zifəroğlu hesab edir ki, ABŞ-ın aviazərbələrlə Suriya infrastrukturunu hədəfə alması Suriyanı özündən asılı vəziyyətdə saxlamaqda maraqlı olan Rusiya və İran üçün əlverişli sayıla bilər:

“Mövqeləri güclənmiş, özünə inamlı Əsəd onlara lazım deyil. Yəni III Dünya savaşı, ABŞ-Rusiya müharibəsi olmayacaq. Təbii ki, ABŞ-ın raket zərbələrinin nəticələri də var və bu, yaxın gələcəkdə Suriyada yaşanacaqlara birbaşa təsir edəcək. Endirilən zərbələr Suriya ordusunun və Əsədin “qalib” obrazını ciddi laxlatdı. Bu, şübhəsiz ki, müxalif qüvvələr üçün ciddi stimul olacaq. Eyni zamanda, zərbələr iqtidar qüvvələrinin nəzarətdə saxladığı ərazilər üzərinə yeni həmlələr üçün siqnal oldu. Baş verənlər Suriya sülh danışıqlarını və Astana formatının gələcəyini ciddi sual altında qoya bilər”.

Analitik əlavə edib ki, raket zərbələrinə verilən reaksiyalarda Türkiyə və Rusiyanın əks mövqe sərgiləməsi bir daha sübut etdi ki, bu iki ölkənin prinsipial məsələlərə baxışı fərqlidir və Moskva-Tehran-Ankara koalisiyası boş xəyaldır”.

Qeyd edək ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Vaşinqton bu addımı Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq atdığını bildirib.(Axar.az)


16:34 11.04.2017
Xəbər lenti
Bütün xəbərlər