KANAL24.AZ
Az Iw En Ru

"Bunu şəxsən işğala rəhbərlik etmiş adam deyir"

Dünyanın stabilliyinə və təhlükəsizliyinə təsir edən böyük dövlətlər artıq Azərbaycanın ərazi bütövlüyü məsələsinin aparıcı xətt olduğunu görürlər.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın eks-prezidentinin son çıxışlarına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasətinə “yox” deməsə, sabah bu proses dünyanın digər regionlarında da təkrarlana bilər:

“Ermənistanda ilk dəfədir ki, siyasi qüvvələr işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması məsələsini çox açıq şəkildə qoyurlar. Bu fikri ortaya atan təsadüfi adam deyil, o, vaxtilə işğala birbaşa rəhbərlik etmiş Levon Ter-Petrosyandır. İşğal Ermənistana ağır zərbələr vurub, ona görə də Petrosyan bu gün yeddi rayonun qaytarılmasını ciddi şəkildə müzakirə edir”.

Dağlıq Qarabağ münaqişəsinin Ermənistanda doğurduğu ağır nəticələri qeyd edən millət vəkili Ermənistanın siyasi durmunun çox ağır olduğunu bildirib:

“Ermənistan iqtisadi baxımdan Azərbaycanın təşəbbüskarı olduğu mühüm layihələrdən kənarda qalıb. Düzdür, beynəlxalq təşkilatlar Ermənistana qarşı yumşaq davranırlar, ancaq Azərbaycanın ərazi bütövlüyü uğrunda aparıcı siyasət yürüdülür. Dünyada dəyişən siyasi ab-hava artıq bu tip məsələlərə qəti mövqe tələb edir. Əslində, Petrosyan beynəlxalq təşkilatların Ermənistana qarşı sanksiyalar tətbiq edəcəyini düşünür. O haqılıdır. Çünki dünyanın stabilliyinə və təhlükəsizliyinə təsir edən böyük dövlətlər Azərbaycanın ərazi bütövlüyü məsələsinin aparıcı xətt olduğunu görürlər. İrəvan işğalçılıq siyasətinə davam etdikcə Ermənistan çox ciddi şəkildə beynəlxalq təşkilatların sanksiyaları ilə üzləşə bilər”.

Qeyd edək ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Ermənistan İctimai Televiziyasına müsahibəsində qısa vaxtda Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad edilməyəcəyi təqdirdə beynəlxalq aləmin sanksiyalarla Ermənistanı buna məcbur edəcəyini açıqlayıb.


16:13 11.04.2017