KANAL24.AZ
Az Iw En Ru

Nazir müavini: Standartlara uyğun olmayan sayda ulduz yapışdıran hotellər cərimələnməlidir

Azərbaycanda standartlara uyğun olmayan sayda ulduz yapışdıran hotellərə qarşı sanksiyalar- cərimə tətbiq olunmalıdır.

Kanal24.az  məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

N.Səmədov deyib ki, Azərbaycanda 554 hotel qeydiyyata alınıb. Amma yalnız 130-u sertifikatlaşdırmadan keçib. Ola bilər ki, onlar daha çox ulduz yapışdırırlar, amma sanksiyalar yoxdur. Buna görə sanksiyalar - cərimə tətbiq olunmalıdır”.

N.Səmədov deyib ki, Dövlət Turizm Reyestrinin yaradılması çox vacibdir. Çünki turizm sahəsində keyfiyyət və təhlükəsizlik reyestrlə bağlı olan məsələdir: “Reyestr olan zaman Mədəniyyət və Turizm Nazirliyi müəyyən şərtlər qoya bilər. Məsələn, hotellər üçün bu reyestrdə üzvlük hansısa bir standarta uyğunluğun nəticəsi kimi ola bilər. Bizim ulduzlarla bağlı standartlarımız var və 1, 2, 3, 4, 5 ulduzlu hotellər var. Amma bu standartların olması məcburi şərt deyil”.

“Asan viza” sisteminin yaradılması kimi islahatların turizm sahəsində davam etdiyini deyən N.Səmədov bildirib ki, nazirlik “ Turizm haqqında” qanun layihəsinin qəbulunu çoxdan gözləyir: “Çünki ötən ildən etibarən, turistlər çox intensiv şəkildə gəlməyə başlayıb. Bu, müəyyən baryerlərin aradan qaldırılması ilə mümkün olub və turizmin inkişafına təkan verib. Lakin bu mərhələdə bizim əsas məqsədimiz təhlükəsizliyi qorumaqla keyfiyyəti artırmaq və yeni məhsul ortaya çıxarmaqdır”.


00:15 05.04.2017