KANAL24.AZ
Az Iw En Ru

Rusiya-Ermənistan ittifaqına böyük zərbə - 5 nəticə

Dördgünlük müharibə Qarabağ münaqişəsinin yeni bir mərhələyə qədəm qoyduğunun göstəricisidir. Bu, hərbi amillərlə izah oluna bilər, ancaq həmin döyüşlərin yaratdığı diplomatik-siyasi yeniliklər danılmazdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili Aprel döyüşlərinin 5 mühüm nəticəsini qeyd edib:

“Birincisi, erməni cəmiyyətində uzun illər kristallaşmış bir mövqe var idi ki, 90-cı illər müharibəsinin nəticəsi dəyişilməzdir. Ermənistan sanki öz təhlükəsizlik qurşağını da bunun üzərində qurmuşdu. Ancaq Azərbaycan həmin gerçəkliyi dəyişdi. Beynəlxalq təşkilatlar da bundan ötrü Ermənistanda fərqli bir düşüncə üçün köklü və sərt sanksiyalarla müşayiət olunan addımlar atmamışdı. O üzdən Dördgünlük müharibə I Qarabağ savaşının nəticələrinin aradan qaldırılması istiqamətində ən mühüm hadisədir.

İkincisi, Minsk Qrupunun uzun on illər ərzində münaqişə üzərində monopolist mövqeyi çox ciddi zərbə aldı və tərəfləri öz nəzarəti altında saxlamaq istəyən qüvvələr gördülər ki, Azərbaycanı idarə etmək qətiyyən asan olmayacaq. Sanki prosesə elə əl qoyulmuşdu ki, bir çoxları münaqişədə əsas problemin ön cəbhəni yarmaq deyil, daha artıq dərəcədə beynəlxalq dairələrin müqavimətini sındırmaq olduğunu düşünürdü. Minsk Qrupu 20 il ərzində bir qarış da ərazinin geri qaytarılmasına dair güc nümayiş etdirmədiyi halda Azərbaycan Ordusu real həll yolunu göstərdi.

Üçüncüsü, Azərbaycan cəmiyyətində uzun illər belə yanaşmalar mövcud idi ki, real hərbi addımlar atılacağı təqdirdə bu, ölkəmizin mühakiməsinə aparıb çıxara bilər və əleyhimizə hansısa xarici sanksiyalar baş verə bilər. Əksinə, həmin hadisələr sübut etdi ki, Azərbaycanın mövqeyi müdafiə olundu. Bu, Ermənistana əlavə bir zərbə vurdu. Çünki Azərbaycanı uzun illər məhz həmin dairələrin əli ilə qorxudurdular.

Dördüncüsü, Qarabağ savaşının I dalğasında böyük orden, medallar qazanmış, Azərbaycan xalqının qanı üzərindən keçərək Qarabağdakı vəhşət hesabına hakimiyyətə yiyələnmiş qüvvələr ciddi silkələndi və onlardan bir qismi iflasa uğradı. Ohanyan başda olmaqla 6 generalın vəzifədən getməsi birbaşa Aprel döyüşlərinin nəticəsi idi. Ermənistan iqtidarı Qarabağ taxtının üstündədir, ayaqları altından alət çəkiləndə sistem uçur və dayanıqlığını itirir.

Nəhayət, Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri Rusiya-Ermənistan ittifaqının çox böyük zərbə almasıdır. Nə 30 illik müstəqillik dövründə, nə də ondan əvvəlki zamanlarda ittifaq bu qədər zədələnməmişdi. Razdan meydanına çıxan on minlərlə insanın daha sonra informasiya məkanındakı antirusiya hərəkatlarının vüsəti heç bu gün də sərinləməyib. Münaqişənin tarixində ilk dəfə idi ki, Azərbaycan Rusiyanın gücünün əleyhimizə yönəlməməsi üçün hər şeyi həyata keçirdi. Bir sözlə, Azərbaycan prezidenti prosesə nəzarət etməklə və məsuliyyəti üzərinə götürməklə yanaşı, o biri yandan bağlı qapılar arxasındakı müharibəni uğurla aparmış oldu”.

Millət vəkili vurğulayıb ki, indi də guya ordunu gücləndirmək adı altında müxtəlif silahlara yiyələnmək istəyi Ermənistanın Azərbaycanın şərtlərinə uyğunlaşması deməkdir:

“Düşməni öz sistem və mexanizmlərinlə hərəkət etməyə məcbur qoymaq çox önəmlidir. Yəni düşmən səninlə sürətlə silahlanma yarışına girir, kasıb büdcəni kəsməli olur və nəticədə bu, onların cəmiyyətindəki böhranı daha dərinləşdirir.

Dördgünlük müharibə Azərbaycanın şərəfli tarixidir, gələcəkdə II Qarabağ savaşının daha geniş miqyasa keçə biləyəcəyi dönəmdə bunları mütləq xatırlayacağıq. Azərbaycanın qələbəyə gedən yolu başlanıb və bu prosesi mütləq qorumalıyıq. Hesab edirəm ki, Azərbaycan prezidenti ölkə tarixinə torpaqları geri qaytarmağa qadir olan bir lider kimi daxil olacaq. Ona görə də Aprel hadisəsi erməni cəmiyyətinin geri sayım hadisəsidir”


16:26 04.04.2017