KANAL24.AZ
Az Iw En Ru

Böyük Qarabağ oyunu bitir: Ermənistan yox olacaq

Əslində, Qarabağ məsələsinin tənzimlənməsi üçün nə ABŞ-ın, nə Rusiyanın, nə də Avropa Birliyinin fərqli planı var.

Bu sözləri açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, sanki Qarabağ münaqişəsi olmadan bölgəyə baxış mövcud deyil:

“SSRİ-nin çöküşündən sonra ABŞ, Avropa Birliyi, Rusiya və İran bu məkana əsasən konfliktlərin üzərindən siyasət qurmaqla yanaşıblar. Ermənistan Rusiya üçün Azərbaycanla münasibətləri balanslaşdırmağa yarayırsa, digər tərəfdən İrəvanın əli ilə xarici siyasətimizə təsir göstərib, iqtisadiyyatımızı müəyyən qədər öz arzuladıqları istiqamətə gətirməyə, neft siyasətində önəmli rol oynamağa çalışır. O cümlədən Ermənistandan Türkiyəyə qarşı istifadə olunur. Beləliklə, bölgədə dövlətlərin üstündə bu münaqişə əsas müəyyənləşdirici alətə çevrilib. Xarici siyasət də, iqtisadiyyat da sanki Qarabağ konfliktinin ümumi inkişaf ssenarisinə tabe edilir. Qarabağ məsələsinin tənzimlənməsi üçün nə ABŞ-ın, nə Rusiyanın, nə də ki Avropa Birliyinin fərqli planı mövcuddur. Onlar Minsk Qrupu formatında həll üçün birləşməyiblər, daha çox öz aralarında qlobal savaş aparırlar. 1990-cı illərdə Balkanlarda, İraqda, Əfqanıstanda, indi isə Suriya və Qarabağda bu dövlətlər arasında döyüş gedir. O üzdən Ermənistan-Azərbaycan münaqişəsi şərti xarakter daşıyır. Məsələ üzərində müharibəsi gedən dövlətlər dediyimiz üst qatdadır və onların arasındakı vəziyyətdən asılı olaraq bu dövlətlər həmin ziddiyyət müstəvisində öz maraqlarını axtarırlar. Yəni Azərbaycan görəndə ki, Fransa-Rusiya münasibətləri pisləşir, bu məqamda təbii olaraq öz xarici siyasət kursunun həmin şəraitə uyğun çevik konsepsiyasını aparır”.

Z.Orucun sözlərinə görə, hazırkı dövrdə bölgədə mövcud olan silah kütləsi 1990-cı illərdən çox fərqlidir:

“Ən müasir silahları səngərə daşıyaraq tərəflərə sülh mesajını vermək və hansısa sənədlərlə prosesi tənzimləməyə çalışmaq qeyri-realıdır. Çünki müharibə qaçılmazdır. Heç kəs gəlib Ağdərə, yaxud da Füzuli istiqamətindən Azərbaycan tanklarını çıxarası deyil. Anjey Kaspşikin idarəsinin buna gücü çatmaz. Yalnız real sülh müqaviləsinin müddəaları işə düşərsə, tərəflər öz qoşunlarını geri çəkəcəklər. Bu isə baş vermir. Bir müddət öncə Moskvaya səfər edən Sərkisyan özü ilə bərabər müdafiə nazirini də aparmışdı. Bir çoxları belə düşünür ki, Moskvada Qarabağın taleyi həll olunmasa da, Ermənistanın gələcək hakimiyyət arxitekturasının son imzası qoyulacaq. Hətta belə fikirlər də var ki, gələcək varis Vigen Sərkisyandır. Görünür, Gümrü bütövlükdə ermənistanlaşır. Yəni Ermənistanın özü artıq bir hərbi bazaya çevrilir. Bir çoxlarına görə, parlamentli idarə üsulu Ermənistan dövlətçiliyinin olan-qalan hissələrini də dağıdacaq və bu ölkə öz suverenliyini tamamilə itirəcək, belə olan halda bu, Qarabağda da öz əlamətlərini tapacaq”.

Millət vəkili bunun tamamilə real olduğunu düşünür:

“Çünki 1990-cı illərdən fərqli olaraq, indi Ermənistan cəmiyyətində çox böyük parçalanmalar var, o cümlədən Qarabağ məsələsinə münasibət onların vahid məxrəcə gəlməsinə imkan vermir. Belə olan halda dağılmış illüziyalar fonunda bölgədə sülh üçün istəklər yoxdursa, əskinə, müharibə şəraiti yetişibsə, beynəlxalq qüvvələr hansı reytinqlə çıxış edirlər? Tramp administrasiyası daxildə xalq və rəqib siyasi qüvvələrlə, mediayla, maliyyə korporasiyaları ilə savaşını bitirə bilmir. Trampın Amerika üçün vəd etdiyi yeni xarici siyasət doktrinasının hətta ən kiçik konturları belə hələ də bəlli deyil. Bu şəraitdə Rusiya necə aktiv hərəkət edəcək? Burada da xeyli problemlər mövcuddur. Rusiya avtomatik olaraq Cənubi Qafqaza özünün ən əlverişli texnologiyasını, iqtisadi modellərini və inkişaf prinsiplərini verə bilmir. Baxmayaraq ki, hərbi cəhətdən bölgəyə diktə edir. Ona görə də nə bölgə dövlətlərinin, nə də onların üst qatında dayanan və regionu ələ keçirmək üçün savaş aparan dairələrin münaqişələrin həlli üçün planı var. Belə şəraitdə toqquşmalar qaçılmaz olacaq”.

Z.Oruc qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərinin müsbət məcrada inkişafı Qarabağ cəbhəsində Azərbaycanın mövqelərini gücləndirir:

“Rusiya-Türkiyə münasibətləri daha da dərinləşəcəyi təqdirdə Azərbaycan bundan maksimum dərəcədə istifadə edə bilər. Yeganə olaraq böyük dövlətləri məcburetmə qaydası ilə, prosesə yanaşmağa vadar etmək üçün digər dövlətlərlə münasibətlərimizi işə salmalıyıq. Azərbaycan üçün dövlət başçısı səviyyəsində münaqişənin həll planı mövcuddur. Bu, hərbi-siyasi vasitələrin, iqtisadi gücün, beynəlxalq əlaqələrin hamısının vəhdətində həyata keçirilməkdədir. Ermənistan bunun fərqindədir. Ona görə də mən Qarabağ məsələsinin həllini böyük dövlətlərin əlindən, onların qərarlarından gözləmirəm”.


16:17 28.03.2017