KANAL24.AZ
Az Iw En Ru

Artıq İNTİHARLAR da cavanlaşır-SƏBƏB?

İntiharların başlıca səbəbi maddi çətinliklər, sosial vəziyyətin aşağı olmasıdır.

Bunu son günlər intiharların artması barədə danışarkən psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, maddi çətinliklər elə problemlərə gətirib çıxarır ki, insanlar intihar etmədən bunlardan can qurtara bilməyəcəklərini düşünür:

"Bu çətinlikləri yaşayan insanlarla uzun müalicədən, danışıqlardan sonra fikrindən daşındırmaq mümkün olur. Ümumilikdə, sosial çətinliklərə görə, intihar etmək istəyənlər arasında gənclər üstünlük təşkil edir.

Əslində insan psixologiyasına görə, konkret bir məsələnin üzərində dayanmaq olmur ki, intihara təhrik edən problemi dəqiq bilək. İntihara doğru getmək depressiyaya düşmüş bir insanın bədənində gedən psixi pozğunluqdur. Həmin proses intihara doğru aparırır. Digər tərəfdən iradə zəifliyinə qayıdırıq. İnsanın iradəsi zəif olduğundan problemlərə daha tez təslim olur, düşünür ki, intihar edib canını qurtaracaq. Amma güclü insan intihar etməz, mübarizə aparmağı üstün tutar. Güclü insan rahatlıqla intihara cəhd etməz".

Hazırda insanların psixi durum dəyişikliyində "yaz depressiyası" adlanan vəziyyətin hökm sürdüyünü diqqətə çatdıran psixoloqun sözlərinə görə, bu dövrdə insanlarda biporial depressiyalar həddən artıq çoxalır:

"Biporial depressiya müəyyən bir müddətdə insanlarda depressiyanın artması və azalması deməkdir. Həmin depressiyanın qalxması intihara təhrik edə bilir. İnsanlar bu vəziyyətə düşür, müəyyən vaxt aqressiv davranışlar sərgiləyir, hər adi hadisələrə görə əsəbləşir, dava-dalaşa səbəb olurlar. Artıq sonradan onlar özünə qapanır, heç kimi görmək istəmir, həddən artıq passiv olurlar. Bu da, depressiyanın artmasından qaynaqlanan psixoloji vəziyyətdir.

Hər bir insanın çətin anı olur. Amma hər çətinlikdə intiharı yox, çətinliyə güc gəlməyi düşünmək lazımdır ki, intihar sizdən uzaqlaşsın. Bunu özünüz bacarmırsınızsa, kömək olacaq insanlara müraciət edin. Hər bir çətinliyin arxasında intihar bizlərlə gizlənpaç oynayır. Asanlıqla tapılıb intiharı qalib etməyin. Elə gizlənin ki, sizi tapa bilməyib, intizarda qalsın, əlacsız olub, sizdən əl çəksin. Amma intihar edəni də qınamayaq, səbəbini bilmədiyimiz halda".(Şərq.az)


15:05 28.03.2017
Xəbər lenti
Bütün xəbərlər