KANAL24.AZ
Az Iw En Ru

Mərhum prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı müsabiqə elan edilib

İqtisadiyyat Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda yaradıcılıq müsabiqəsi elan edib.

Nazirlikdən verilən məlumata görə, müsabiqəyə təqdim ediləcək məqalələr 8 min işarədən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalı, Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də yerləşdirilməli, materialların sonunda “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” qeydi göstərilməlidir.

Materiallar KİV nümayəndəsinin vəsiqəsinin sürəti ilə birlikdə 20 aprel 2017-ci il tarixinədək İqtisadiyyat Nazirliyinə təqdim edilməli və elektron formada [email protected] ünvanına göndərilməlidir.

Müsabiqənin şərtləri:

- Təqdim edilən məqalələrdə, televiziya və radio süjetlərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə aparılan islahatlar və qazanılan uğurlar əks etdirilməlidir;

- Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər tək və ya müştərək halda iştirak edə bilərlər;

- Hər bir jurnalist və ya jurnalistlər qrupu müsabiqəyə yalnız bir məqalə (və ya süjet) təqdim edə bilər;

- Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjeti isə 3 dəqiqədən az olmamalıdır;

- Məqalə, televiziya və radio süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır;

- Materialın sonunda “İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir” sözlərindən ibarət titr qeyd olunmalıdır;

- Material qəzetdə və ya jurnalda dərc edilərsə onun 1 nüsxəsi, elektron portalda yerləşdirilərsə A4 formatlı vərəqdə (Arial, 12 şrift) çap olunmalı və link əlavə edilməli, televiziya və radio süjeti isə DVD-də olmaqla KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə 20 aprel 2017-ci il tarixinədək İqtisadiyyat Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç.,84 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cü otaq), materialın elektron versiyası isə həmin tarixədək “[email protected]” poçt ünvanına göndərilməlidir.

- Müsabiqəyə təqdim olunmuş materiallar İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2017-ci il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir.

Materiallar aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:

- mövzunun əhatə olunması, jurnalist araşdırması;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi;

Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq.(trend)


21:53 27.03.2017