KANAL24.AZ
Az Iw En Ru

"Yol hərəkəti haqqında" qanunda dəyişiklik edildi

Prezident İlham Əliyev Milli Məclisinin “Yol hərəkəti haqqında" qanuna etdiyi dəyişiklikləri təsdiqləyib. Kanal24.az-ın məlumatına görə, dəyişikliklər aşağıdakılardan ibarətdir:

1. 84-cü maddə üzrə:

1.1. 3-cü bənddən “, eləcə də inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını” sözləri çıxarılsın;

1.2. 6-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6-1) inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirmək;”;

1.3. aşağıdakı məzmunda 6-2-ci bənd əlavə edilsin:

“6-2) inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək;”.

2. 85-ci maddə üzrə:

2.1. 2-ci bəndin ikinci abzasından “və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda” sözləri çıxarılsın;

2.2. 5-ci bənd ləğv edilsin;

2.3. 10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“10) Bu Qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərir. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.6-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur.”;

2.4. aşağıdakı məzmunda 13-cü bənd əlavə edilsin:

“13) Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.”.

3. 85-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 85-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.


01:17 25.02.2015
Xəbər lenti
Bütün xəbərlər