KANAL24.AZ
Az Iw En Ru

“Əli Kərimli 4-5 saat “like”ları sayırdı” – Razi Nurullayev

AXCP sədrinin müavini vəzifəsindın çıxarılan Razi Nurullayev bununla bağlı mətbuat konfransı keçirib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün keçirilən konfransda R.Nurullayev bildirib ki, ola bilsin, buradakı çıxışına görə onu kimlərsə qınasın: “AXCP sədri üzdə gəncləşmə siyasəti aparır, əslində isə ömrünü partiyaya sərf edən insanları sıxışdırır. Çünki artıq onların gözləri açılıb. Rəyasət Heyətinin bəzi iclasları 4-5 saat davam edirdi və 80% söhbətlər “facebook”da “like”ların sayılmasına gedirdi. Vicdanı olan cəbhəçilər bu gün də bunu təsdiqləyə bilər. “Like”ların sayılması ilə siyasət aparmaq olmaz. Partiyada hər zaman belə xırdalıqların əleyhinə olmuşam. Partiya şöbələrində hər kəsin “Azadlıq” qəzetinə məcburi abunə olunması tələb edilirdi”. 

***

R.Nurullayev istefası ilə bağlı Əli Kərimlinin evində olarkən gedən söhbətin təfərrüatını açıqlayıb: "Əli bəy dedi ki, məndə dəqiq məlumat var ki, sən hakimiyyətə işləyirsən. Hakimiyyət səni maliyyələşdirir və orada dostların var. O dedi ki, əlimdə elə böyük faktlar var ki, görüb və qulaq asmışam. Həmin faktlardan sonra əmin oldum ki, satılmısan. ABŞ və Britaniya səfirliyi sənin satıldığını deyib. Belə çıxır ki həmin səfirliklər ölkədə dinləmə aparatları quraşdırıblar, siyasətçiləri dinləyirlər. 

Bilmirəm, inanım ya inanmayım. Dünən hər iki səfirliyə məktub göndərmişəm. Necə ola bilər ki, məni dinləyib, izləyib sonra da Əli Kərimliyə məlumat ötürsünlər. Əli bəy məni istefaya göndərdikdən sonra da səfirlikdə görüşünün olduğunu dedi. Mənə dedi ki, sən getdiyin yolu mən çoxdan qayıtmışam. Yəni Əli Kərimli demək istədi ki, sən indi satılırsan, mən isə çoxdan hakimiyyətə satılmışam.

Mən Əli Kərimlidən əl çəkməyəcəm. Mənə və cəbhəçilərə etdiklərinə görə cavab verəcək. Məhrumiyyətlər yaşaması onu insanların boynuna qoymasına əsas vermir. Ən çox məhrumiyyət yaşayan lider olmalıdırsa, o zaman Lamiyə Quliyeva lider olsun”.


21:16 24.02.2015