KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın Avropa bazarındakı istiqrazlarının qiyməti rekord həddə çatıb

Azərbaycan şirkətləri üçün istiqraz mövsümü başlayır.

Kanal 24.az  məlumatına görə, getdikcə daha çox şirkət layihələrə vəsait cəlb etmək üçün istiqraz buraxılışından istifadə edir.

Çünki istiqrazlar digər maliyyələşmə üsullarından daha sərfəli və əlverişli sayılır. Üstəlik, bu üsul xaricdən pul cəlb etməyə də imkan verir. Amma bu imkandan heç də hamı faydalana bilmir.

Qaz kəməri üçün 2 milyard dollar

Bu günlərdə Azərbaycanın daha bir şirkəti Avropanın istiqraz bazarında böyük emissiya həyata keçirib. Söhbət Azərbaycan qazının Avropaya nəqli üçün yaradılan “Cənub Qaz Dəhlizi” layihəsinin strukturu olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən gedir. Mart ayında şirkət London birjasında 1 milyard dollarlıq avrobond yerləşdirib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC, Azərbaycan qazının Avropaya nəqli üçün inşa edilən, uzunluğu 3,5 min kilometr olan və Avropa İttifaqı tərəfindən dəstəklənən “Cənub Qaz Dəhlizi” beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir. Şirkətin səhmlərinin 51%-i İqtisadiyyat Nazirliyinin şəxsində Azərbaycan dövlətinə, 49%-i isə SOCAR-a məxsusdur. Bu, CQD şirkətinin ikinci istiqraz buraxılışıdır. Belə ki, bir il əvvəl 2016-cı ilin mart ayında London birjasında QSC tərəfindən 1 milyard dollarlıq istiqraz buraxılıb. İllik 7 faizlik gəlirliliyi olan istiqrazlar 10 illik müddətə buraxılıb.

İkinci istiqraz buraxılışı isə bir neçə gün əvvəl baş tutub. Azərbaycanın dövlət zəmanəti verdiyi 1 milyard dollarlıq istiqrazların illik gəlirliyi 5,8% olub. Bu dəfəki buraxılış da xarici investorların böyük marağına səbəb olub və istiqrazlara tələbat gözləndiyindən artıq olub. Şirkətn məlumatına görə, istiqrazların ən böyük hissəsini – 45%-ni ABŞ, 40%-ni Birləşmiş Krallıq, 13%-ni digər Avropa ölkələri, 2%-ni isə Asiya və Yaxın Şərq ölkələrindən olan investorlar alıb.

İstiqrazların pulu 2026-cı ildə Qaz kəməri işə düşəndən sonra onun gətirəcəyi gəlir hesabına qaytarılacaq.


21:34 25.03.2017
Xəbər lenti
Bütün xəbərlər