KANAL24.AZ
Az Iw En Ru

21-ci əsrin Sara Xatunu Tomrisi-Mehriban Əliyeva

Əliyeva Mehriban Arif qızı 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm xadimi, filologiya elmləri doktoru (1947), professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.

Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.

Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır.Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Aida İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat etmişdir/

Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir:

“Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”.

O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

Mehriban Əliyeva 2005-ci ildə “Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.

Həyat yoldaşı İlham Əliyev Mehriban xanımı belə xarakterizə edir:

“Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir. ... Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”.

Mehriban xanımın ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalan Azərbaycan ziyalılarının əhatəsində böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasına, ailə dəyərlərinə sadiq olmasına mühüm təsir göstərib. Sonradan onun milli ənənələrə bağlı olan digər bir ziyalı Azərbaycanlı ailəsinə gəlin köçməsi, Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini olması bu keyfiyyətlərin daha da dərin kök atmasına təsir edib.

“Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur” – söyləyən Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib. “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir: “Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.

Nəvələrinin dünyaya gəlməsini son illər ərzində həyatının ən yaddaqalan hadisələri hesab edən Mehriban xanım onların doğulmasını həyatı dəyişən və həyata tamamilə fərqli baxmağa vadar edən möcüzə olduğunu bildirir. Daşıdığı ictimai yükün ağırlığına, gərgin iş qrafikinə, çoxşaxəli fəaliyyətinə baxmayaraq, o, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir.


01:33 25.03.2017
Xəbər lenti
Bütün xəbərlər