KANAL24.AZ
Az Iw En Ru

Tarlada alaq, süfrədə yemək, təbabətdə dərman..bu bitkini siz də tanıyın

Abşeron yarımadasında quşotu kimi tanınan cincilim təbiət oyanan kimi torpağın sinəsindən boy göstərən və yazın əvvəllərində üzə çıxan bitkidir. Tez boy atır və tez də ömrünü başa vurur. Ulduzşəkilli çiçəkləri olur. Tərəvəz və yem bitkisidir. Milli mətbəximizdə ondan qutab, kətə və buğlama bişirir, dovğaya tökür, yumurta ilə kükü hazırlayırlar. Ev quşları üçün qiymətli yem sayılır.

Faydalı xüsusiyyətlərinə baxmayaraq, alaq otu hesab olunur və əkin sahələrində məhsulun inkişafını ləngidir. Cincilimlə mübarizə aqrar sahədə çalışan fermerlər üçün xeyli çətinlik yaradır.

Cincilimdən hazırlanan preparatlar mikrob və soyuqdəymə əleyhinə, damargenişləndirici, ödqovucu, sidikqovucu, qankəsici və yarasağaldıcı xüsusiyyətə malikdir. Xalq təbabətində cincilimin su ilə qarışdırılmış şirəsi mədə-bağırsaq xəstəlikləri zamanı ağrıkəsici kimi işlədilir. ABŞ-ın əczaçılıq firmalarının cincilimdən hazırladığı dərman preparatları maddələr mübadiləsinin pozulması, xüsusilə şəkər, qaraciyər və dəri xəstəliklərində qaşınma, sızanaq, səpki, çiban, ekzema, oynaqların iltihabı xəstəlikləri zamanı geniş tətbiq edilir. Onun tətbiqi qızdırmanı aşağı salır, orqanizmdə qanın keyfiyyətini yaxşılaşdırır və sakitləşdirici təsir göstərir.


04:56 22.03.2017