KANAL24.AZ
Az Iw En Ru

Yevda Abramov: "Artur Rəsizadə tanklardan da güclüdür"

Millət vəkili Yevda Abramov baş nazir Artur Rəsizadənin bu hesabatdan sonra istefaya gedəcəyi ilə bağlı bəzi mətbuat orqanlarında məlumatlar yayılmasını kəskin tənqid edib.
 
Milli Məclisdə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Yevda Abramov deyib ki, bu cür xoşagəlməz məlumatlar yayılmamalıdır.
 
“Bəzi mətbuat orqanlarında xoşagəlməz məlumatlar yayıldı, bu hesabatdan sonra Artur Rəsizadənin istefaya gedəcəyi və bununla bağlı bəzi məsələlərdən yazıldı. Bu bizə yaraşmır. Bilirsiniz, niyə yaraşmır? O xalq, o millət ki, prezidentini, baş nazirini, spikerini sevir, o xalq xoşbəxt xalqdır, o ölkə güclü ölkədir.
 
Belə ölkə balacalığından, ərazinin kiçikliyindən, xalqının sayından asılı olmayaraq böyük dövlətlərdən də güclüdür. Mən kiməsə yaltaqlanmaq fikrində deyiləm. Amma elə vəzifə, elə sahələr var ki, o vəzifələri yaşlı insanlara etibar etmək böyük xoşbəxtlikdir. İsraildə bir baz nazirə “buldozer” ləqəbi vermişdilər. Allah qəni-qəni rəhmət eləsin, Artur müəllim onun torpağı sanı yaşasın, bizim baş nazir nəinki buldozer, dünyanın ən müasir tanklarından da güclüdür.
 
Ramiz Mehdiyev, Artur Rəsizadə və Səfa Mirzəyevlə qürür duyuram, bütün xalq qürur duyur. Ona görə o insanların arzuları gözündə qaldı. Bu gün mən xalqın öz baş nazirinin ətrafında cəmləşdiyini, hesabatın necə obyektiv müzakirə edildiyini görüb sevinirəm. Bu sevincdən belə çıxış edirəm. Əlbəttə iş olan yerdə səhvlər də var. Amma bizim ölkəmiz dünyada baş verən çətinliklərə baxmayaraq özünü mərdanə aparıb. Bundan başqa, bizdən soruşurlar neçə vitse-prezident olacaq? Yazırlar ki, Azərbaycanın 6 vitse-prezidenti olacaq. Adlar hallandırırlar, özü də bunu məqsədli şəkildə edirlər. Axı biz onu bilə bilmərik. Bu, prezidentin səlahiyyətində olan məsələdir".
 
Milli Məclisin sədri Oqtay Əsədov da deputatın fikrinə şərh verib: “Düzdür, vitse-prezidentlərlə bağlı proqnozlar verirlər. Son vaxtlar bizdə baxıcılıq dəb halını alıb”.

00:03 18.03.2017