KANAL24.AZ
Az Iw En Ru

Kəmaləddin Heydərov Ağdaşda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 17-də Ağdaş rayonunda bölgə vətəndaşlarını qəbul edib. Nazir FHN-in Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinlərini, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edərək, onların müraciətlərinə baxıb.


Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı edilən müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar olub.


Qəbulda nazir Kəmaləddin Heydərov, eləcə də nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciətləri dinlənilib, onlardan bir qismi yerindəcə həllini tapıb.


Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həlli üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib. Qəbulda bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata götürülüb.


20:27 17.03.2017
Xəbər lenti
Bütün xəbərlər