KANAL24.AZ
Az Iw En Ru

"Rusiyada Azərbaycanlilara qarşı münasibət pisləşir"

"Rusiyada azərbaycanlılara mənfi münasibətin qarşısını almaq üçün dövlətimiz hadisələrə müdaxilə etməlidir”.
 
Bunu Rusiyanın Sankt-Peterburq və Krosnadar şəhərlərində Azərbaycan vətəndaşlarının güllələnməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib. 
 
O bildirib ki, Moskvadan bu münasibətlərin qarşısını almaq və cinayətkarların tapılıb, cəzalandırılmasını tələb etmək lazımdır:
 
"Rusiya islam faktoruna mühüm əhəmiyyət verir. Rusiyada Azərbaycanlılara qarşı münasibət hər gün bir az da pisləşir. Məsələn, azərbaycanlıların iri şəhərlərdə məskunlaşmasına qarşı çıxışlar edirlər. Zənnimcə, Rusiyada şovinizm meylləri baş qaldırmaqdadır. Bu şovinizm meylləri özünü qeyri-xalqlara, xüsusən müsəlmanlara qarşı açıq aydın özünü göstərir. Bu gün təkcə azərbaycanlılar yox, taciklər, türkmənlər, özbəklər də digər xalqların nümayəndələri də sıxışdırılır. Bu onu göstərir ki, Rusiyanın milli siyasətində ciddi problemlər var. Ölkədə başqa millətlərin, xüsusilə "əmək miqrantları” adlanan miqrantların ölkədən çıxarılmasını tələb edirlər. Lelinqradda kriminal vəziyyət onsuz da pisdir, azərbaycanlılara münasibət də yaxşı deyil. Azərbaycanlıların əksəriyyəti ticarətlə məşğul olduğunu da nəzərə alsaq, tez-tez bazarlara soxulub, orada özbaşınalıq edən hökumət nümayəndələri, OMON-çular, polis işçiləri xalqı da azərbaycanlılara qarşı kin-küdurətə yönləndirirlər”.
 
Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində 40 yaşlı azərbaycanlı kütləvi dava zamanı əl və ayaqlarından güllə yarası alıb. Hazırda o, şəhərin Aleksandrovskaya xəstəxanasına yerləşdirilib və vəziyyəti ağırdır.
 
Bundan başqa Rusiyanın Krasnodar şəhərində iki azərbaycanlı iş adamı qətlə yetirilib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, onlar yaşadıqları evin liftində öldürülüblər.
 
Yerli polis artıq 2 şübhəlini saxlaya bilib. Onlardan biri polis işçisidir. Digəri isə həmin iş adamlarının şirkətinin əməkdaşı olub.
İstintaq nəticəsində məlum olub ki, azərbaycanlı biznesmenlər həmin gün Moskvaya yola düşməliymişlər. Onların üstündə isə 17 milyon rubl (təxminən 280 min dollar) pul olub. İlkin ehtimala görə, bu barədə şirkətin əməkdaşı da xəbərdar imiş.

04:38 14.03.2017
Xəbər lenti
Bütün xəbərlər