KANAL24.AZ
Az Iw En Ru

Artıq eşq yolunda ölən də yoxdur, mən belə dünyanın nəyini sevim?!

Mən səni itirdim, illər təsəlli,
Göylərə boylandım, göylər təsəlli,
Sevgim daşa dəydi, qismətim bəlli,
Mən belə dünyanın nəyini sevim?!
 
Susuz bir çiçəyə dönmüşəm, nədən,
Bir sevda yarası getmir qəlbimdən,
Dərdim Yaradana bəlli o gündən,
Mən belə dünyanın nəyini sevim?!
 
Daşlara toxundu arzu, niyyətim,
Sənli məhəbbətim, sənsiz həsrətim,
Ayrılıq, göz yaşı, kədər qismətim,
Mən belə dünyanın nəyini sevim?!
 
Haqsızlar Haqq olub, ədalət bitib,
Fəqirin fəryadı əlaya yetib,
Haramlar içində halallar bitib,
Mən belə dünyanın nəyini sevim?!
 
Nifrətin yolu düz, sevgi əyridi,
Ürəklər ağlayır, yaşı qeyridi 
Allah dildən düşmür, əməl ayrıdı,
Mən belə dünyanın nəyini sevim?!
 
Qarğa qarıldasa duyanı çoxdu,
Bülbül yalnız qalıb, kimsəsi yoxdu,
Şeytanın mələyi yendiyi vaxtdı,
Mən belə dünyanın nəyini sevim?!
 
Ağlayan gözləri silən də yoxdur,
Ağrını, kədəri bölən də yoxdur,
Artıq eşq yolunda ölən də yoxdur,
Mən belə dünyanın nəyini sevim?!

21:39 12.03.2017
Xəbər lenti
Bütün xəbərlər