KANAL24.AZ
Az Iw En Ru

Lavrovun pozitiv Qarabağ açıqlaması: Bakının hədəfi..

Faktiki olaraq Minsk Qrupunun fəaliyyətinin iflasa uğraması fonunda yalnız Rusiya vasitəsilə Qarabağ məsələsi ətrafında bir moderatorluq baş verir.

Bu sözləri  Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşünü şərh edən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, əks halda proses yalnız hərbi qüvvələrin çiyninə düşərdi:

“Əslində, ordu yalnız hərbi imkanları genişləndirmir, şübhəsiz, diplomatik gücü də artırır. O cəhətdən son gərginlik sırf səngərlərdə mövqe döyüşləri kimi xarakterizə oluna bilərdi. Yəni burada hansısa postların yeri dəyişdirilmir, yeni üfüqlərə çıxmaq üçün addımlar atılmırdı, sanki qarışılıqlı atılan atəşlər bir-birinə itki vermək və resurs kəsiminə getmək yönündə idi. Ümumən götürdükdə bu, Minsk Qrupu, xüsusilə də Rusiya üçün bir siqnal idi. Güman edirəm ki, nazirləin bağlı qapılar arxasındakı görüşündə sülh danışıqları və real həll planları masa üzərinə gətirilməyəcəyi təqdirdə gərginliyin daha da artacağı məsələsi daxil edilib. Yəni Moksva tərəfindən bu proses hazırda dərindən izlənilir, gündəlik mühüm kəşfiyyat məlumatları daxil olur. Bəlkə də Rusiyanın xarici siyasət dairəsində düşüncələr başqadır. Ötən aylarda Rusiya elitasında Qarabağ məsələsinə münasibətin vahid olmadığını da vurğulamışdıq. Ancaq indiki gerçəklikdə nə qədər hərbi sənaye kompleksi Azərbaycanla münasibətlərin yüksək inkişafında maraqlıdırsa, nəticə etibarilə Rusiyadan alınmış silahlar sonrakı dövr Qarabağda özünün təminatını yaradır və hərbi imkanlarımızı genişləndirir, ermənilərə avtomatik zərbə vurmaqda rol oynayır. Faktiki olaraq ermənilər bunu belə qəbul edirlər ki, Rusiya Ermənistanı çökdürür, ermənilərin Qarabağdan vurulub çıxarılan qüvvəsi nəticədə sanki Moskvanın zərbəsi kimi xarakterizə olunur. Bu, əlbəttə ki, yaxşı haldır”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın strategiyasında ən böyük hədəfi Qarabağ məsələsində Rusiyanın tam dəstəyini əldə edə bilməkdir:

“Bu, nə qədər ağılasığmaz görünsə də, ölkəmiz tərəfindən atılan bütün addımlar məhz buna xidmət edir. Bu görüşdə də media nümayəndələri tərəfindən Kazan formuluna qayıdışın mümkünlüyü soruşuldu. Cavab o oldu ki, əslində, prinsipial məsələlərdə Ermənistanla Azərbaycan arasında anlaşmalar var və bu, çox müsbət haldır. Hətta Rusiya xarici işlər naziri söylədi ki, Qarabağ məsələsi həll prosesinə yatımlıdır, yəni problem həllolunmaz deyil. Məmmədyarov aydınlıq gətirdi ki, Qarabağdan kənar ərazilərin işğaldan azad olunması, köçkünlərin qayıtması, yalnız sonrakı dövrdə deeskalasiya, yəni hərbisizləşdirmə tədbirləridir. Yoxsa Qarabağ məsələsi tənzimlənməmiş tankı, topu səngərdən on kilometrlərlə məsafəyə uzaqlaşdırmaq yalnız ermənilərin mənafeyinə xidmət edə bilər. Təhlükəsizlik zəmanətini yalnız o zaman əldə etmək mümkündür ki, həll üçün real addımlar atılsın. Rusiya yəqin ki, iki dövlət başçısının görüşünü təşkil edəcək”.

Z.Oruc hesab edir ki, Rusiya tərəfindən real şəkildə Azərbaycanı qane edən sülh sənədi ortalığa qoyulmasa, onda Moskvadan əldə olunan silahlar Qarabağda danışacaq, çünki başqa yol yoxdur:

“Lavrov Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Rusiya formatlarının Moskva tərəfindən çox yüksək dəyələndirildiyini vurğuladı. Hətta Türkiyənin hər iki tərəflə eyni müttəfiq olduğu dilə gətirildi. Bu, çox mühüm bir məsələdir. Faktiki olaraq Ərdoğan martda Moskvaya səfər edəcək. Biz çox ümidvarıq ki, Rusiya ilə danışıqlarda Qarabağ məsələsi qoyulacaq. Onsuz da bu problem Türkiyənin xarici siyasət kursunun önündədir. Qardaş ölkə qətiyyən indiyə qədər Qarabağ məsələsindən istifadə edib hər hansı bir özəl maraqlarını irəli sürməyib, əksinə ölkəmiz əleyhinə olan təsir və mənfi elementləri xeyli neytrallaşdırmaqda rəsmi Bakı Ankaranın yardımını hər zaman öz üzərində hiss edib”.

Qeyd edək ki, Moskvada Rusiya və Azərbaycan Xarici İşlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib.


16:22 07.03.2017
Xəbər lenti
Bütün xəbərlər