KANAL24.AZ
Az Iw En Ru

Deputatlardan sual: “Bu “18+” nə deməkdir?”

Uşaqların internet klublara getməsi nəzarət altında saxlanılmalıdır. Uşaq internet kluba gedir, pulunu ödəyir, istədiyinə baxır.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı “Uşaqların sağlamlığına, inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, uşaqların bu fəaliyyəti ilə maraqlanmaq lazımdır: “Heç kim bilmir ki, uşaqlar internet klublarda nəyə baxır. Elə ailələr var ki, kompüterdən anlayışı yoxdur, uşağa necə nəzarət edə bilər? Bunun üçün maarifləndirmə işləri aparmaq lazımdır. Telekanllarda maarifləndirici verilişlər hazırlanmalıdır. Çünki bu zərərli işlər uşaqların sağlamlığına və inkişafına ziyan vurur”.

Komitə üzvü Ağacan Abıyev telekanallarda yayımlanan verilişlərlə bağlı narahatlığını ifadə edib:

“Bəzi verilişlər “12+”, “18+” işarələri ilə yayımlanır. Bunun mənasını isə valideynlər bilmir. Ona görə də izahı verilməlidir. Telekanallar 5 manat artıq xərcləyib, bunun izahını titrlə verməlidir”.


19:17 06.03.2017