KANAL24.AZ
Az Iw En Ru

Türkiyədən bütün dünyaya mesaj...Deputatın dili ilə

Qənirə Paşayeva Antalya Türk Ocaqlarını ziyarət edib.

 Antalya Türk Ocaqları rəhbərliyi və üzvləri görüş zamanı Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını söyləyiblər.

Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə danışan millət vəkili bu məsələnin hər bir türk insanının problemi olduğunu bildirib.

O, Qarabağ probleminin həlli, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasında istiqamətində Türk Ocaqları ilə layihələrin artırılmasının əhəmiyyətini vurğulayıb.

Antalya Türk Ocaqları rəhbəri Məhməd Öz bu istiqamətdə görülən işlərə toxunmaqla bərabər, fəaliyyətini daha da aktivləşdirəcəyini deyib.

Q.Paşayeva görüşdən sonra “Dağlıq Qarabağ, türk dünyasının ortaq problemləri və həlli yolları” mövzusunda konfrans keçirib və onları erməni yalanları ilə mübarizədə daha fəal olmağa çağırıb.

Konfransda ön cəbhədə baş verən son hadisələrlə bağlı geniş çıxış edən millət vəkili bildirib ki, Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündədir və hamı ordunun könüllü əsgəri olmalıdır:

“İnanırıq ki, bütün türk dünyası və diasporu Azərbaycanın yanındadır”.

Millət vəkili Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülki vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralı mülkü vətəndaşlar barədə məlumat verib.

O, Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində ATƏT-in Minsk Qrupunu, beynəlxalq təkilatları ittiham edib və onlara çağırış edib.

Millət vəkili bütün beynəlxalq təşkilatları Ermənistana təxribatlara və işğala son qoyması üçün təzyiq göstərməyə çağırıb:

“Azərbaycan Ordusunun da, xalqının da səbri daşıb və artıq “yetər” deyirik. Ermənistan və arxasında dayananlar anlamalıdırlar ki, işğala son qoymasalar, ordumuz tərəfindən daha ağır cavab alacaqlar”.

Erməni diaspor, lobbisi və dəstəkçilərinin bu məsələdə Azərbaycan əleyhinə təbliğat apardığını deyən millət vəkili diaspor təşkilatlarını, KİV-ləri həssas olmağa, yalanlara qarşı mübarizəyə, gəncləri isə sosial media üzərindən Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib.

Millət vəkili türk KİV-lərini də informasiya müharibəsində fəal olmağa çağırıb.

Qardaş Türkiyənin və bəzi xarici KİV-lərə ön cəbhədəki son hadisələrlə bağlı geniş müsahibələr verdiyini vurğulayan millət vəkili deyib ki, indi əsil həqiqətləri geniş yaymalı, Azərbaycan əleyhinə yalanlara imkan verməməliyik.

Q.Paşayeva Antalya Qəzetçilər Cəmiyyətini də ziyarət edib, ön cəbhədə baş verən son hadisələrdən, işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verərkən qəhrəmanlıqla şəhid olan insanlarımızdan danışıb.

O, Antalya Qəzetçilər Cəmiyyətinin Azərbaycanın müvafiq media qurumları ilə əməkdaşlığının ortaq problemlərimizin işıqlandırılması baxımından vacibliyini qeyd edib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva AGC Başkanı Mövlud Yenini və təşkilat üzvlərini Azərbaycana dəvət edib.


19:43 03.03.2017
Xəbər lenti
Bütün xəbərlər