KANAL24.AZ
Az Iw En Ru

Xarici vətəndaşla ailə quranlar AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINDAN ÇIXARILACAQ

Zahid Oruc xanımların narahatçılığını Milli Məclisdə qaldıracaq

Novella Cəfəroğlu isə deyib ki, Vətəndə dəfn olunmaq istəyəni necə vətəndaşlıqdan çıxarmaq olar?!

 
Xarici ölkə vətəndaşı ilə ailə qurmuş şəxslər Azərbaycan vətəndaşlığından çıxarılacaq. 2014-cü ildə "Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, xarici ölkə vətəndaşı ilə ailə qurmuş şəxs həmin dövlətin vətəndaşlığını alıbsa, şəxsin Azərbaycan vətəndaşlığına xitam verilir. Xarici vətəndaşlıq almış şəxs bu barədə Azərbaycanın müvafiq qurumlarına məlumat verməlidir. Əks halda, şəxsi ciddi cəza və cinayət məsuliyyətinə cəlbetmə gözləyir.
 
Qeyd edək ki, bu qanun 2014-cü ilədək vətəndaşlıq alan şəxslərə şamil edilmir. Artıq bir müddətdir ki, Dövlət Miqrasiya Xidməti xaricdə yaşayan Azərbaycan vətəndaşları ilə bağlı araşdırmaya başlayıb və əcnəbi ölkə vətəndaşlığı almış şəxslərə Azərbaycan vətəndaşlığından çıxmaları ilə bağlı xəbərdarlıq edilir.
 
Bu məsələ xüsusilə də Türkiyə vətəndaşları ilə ailə quraraq bu ölkədə yaşayan azərbaycanlıları narahat edir. Çünki azərbaycanlıların ailə qurduqları xarici ölkə vətəndaşları arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir. Türkiyə qardaş ölkə, həm də yaxın qonşu olduğundan bu ölkəyə gediş-gəliş də intensivdir. Hazırda Türkiyədə yaşayan azərbaycanlılar bəlkə heç ağıllarına da gətirməzdilər ki, bu ölkə vətəndaşı ilə ailə qurduqlarına görə nə vaxtsa onu Azərbaycan vətəndaşlığından çıxara bilərlər. Modern.az xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlılar bir neçə gündür müəyyən qruplar yaradaraq narahatlıqlarını ifadə edir, Azərbaycan vətəndaşlığından çıxmaq istəmədiklərini bildirirlər.
 
Modern.az saytının əməkdaşı onlardan bəzilərinin problemini dinləyib.
 
Aynurə Dastan Türkiyə vətəndaşı ilə ailə qurub, qardaş ölkədə yaşayır. Deyir ki, o, vətənini sevir və bağlarını ayırmaq istəmir: 
 
"Mən xarici vətəndaşla evlənərək vətənimə xəyanət etməmişəm. Cinayət işim yoxdur, niyə məni vətəndaşlıqdan çıxarsınlar?”.
 
Türkiyədə yaşayan başqa bir azərbaycanlı Vəfa Cəfərova isə hesab edir ki, bu addım insan hüquqlarına ziddir: 
 
"Mən ailə quraraq bura gəlmişəm. Amma Vətənimi sevirəm. Niyə mən doğulub-böyüdüyüm ölkəmə turist kimi getməliyəm? Biz məcburən Türkiyə vətəndaşı olmalıyıq. Çünki hər il oturma izni almaq uzun bir prosedurdur. Burda işləməyə və ya başqa fəaliyyətlə məşğul olmağa gəlməmişik. Yəni ailə qurduğumuza görə ölkəmiz bizdən imtina edəcək? Türkiyədə beş minə yaxın evli azərbaycanlı xanım var. Azərbaycan 5 min seçicisindən imtina edəcək?”.
 
Xarici ölkə vətəndaşları ilə ailə quranlar hesab edir ki, qanunda bəzi istisnalar olmalıdır.
 
Qeyd edək ki, Türkiyədə ailə quran xanımlar Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevaya 8 mart Beynəlxalq Qadınlar gününə qədər rəsmi müraciət ünvanlayacaq və ondan bu məsələdə yardım istəyəcəklər.
 
Azərbaycanlı xanımların fikirlərindən xəbərdar olan millət vəkili Zahid Oruc isə bununla bağlı Milli Məclisin iclasında məsələ qaldıracaq. O, xanımların narahatlığını haqlı hesab edir.
 
"Narahatlığınızda haqlısınız. 2014-cü ildə qəbul edilmiş qanuna görə, ikili vətəndaşlığa yol verilmir. Bu qanun hamıya şamil edilir, istisnalar yoxdu. Qanunun geriyə qüvvəsi olmadığına görə, həmin vaxtadək xarici vətəndaşlıq alanlardan yan keçir. Ona görə məsələn, Türkiyədə vətəndaşlıq alan şəxsin avtomatik olaraq bizdə vətəndaş statusu itir. Hazırda bununla bağlı mürəkkəb vəziyyət yaranıb. Təəssüf ki, son 3 ildə vətəndaşlıq alanlardan imtina ediləcək”.
 
Millət vəkili də hesab edir ki, qanunda istisnalar olmalıdır. Və bu problem Milli Məclisdə qaldırılmalıdır.
 
Dövlət Miqrasiya Xidməti isə hələ ki bu qanunun icra olunmadığını bildirib. Xidmətdən bildirilib ki, vətəndaşlıqdan çıxarma işlərinə başlanmayıb.
 
D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında xarici ölkə vətəndaşı ilə ailə quranların vətəndaşlığının əlindən alınmasının düzgün olmadığını dedi:
 
- Həyat yoldaşım İsraildə yaşayır. Mən məcburam hər dəfə ora səfər etmək istədikdə viza alım, Xarici İşlər Nazirliyinə müraciət edim və s. Bunlar hamısı yorucu prosedurlardır. İsraildə viza 3 aylıq verilir, 3 aylıq müddətin 1 ayı bu ölkədə qala bilərsən. Amma İsrail dövləti 2 ölkə vətəndaşlığını qəbul edir. Bu ölkədə ikili vətəndaşlıq yox, 2 ölkə vətəndaşı olmaq hüququ tanınır. Bizdə də belə olmalıdır. Niyə xarici ölkə vətəndaşı ilə ailə qurmuş şəxsdən imtina edilməlidir, o şəxs niyə vətəndaşlıqdan xaric edilməlidir? Birgə yaşayış seçənlər üçün, ailə quranlar üçün mütləq istisnalar olmalıdır. Bu, çox vacib məsələdir. O insanların burada doğmaları, valideynləri, yaxınları var. Ölkədən gedənlər həmişə kefindən getmir. Çoxu işləmək, dolanmaq üçün gedir. Pul qazanıb burdakı ailələrini də saxlayırlar. Ailələri onların hesabına dolanır. Tutalım, vətəndaşlıqdan çıxarılmış bir şəxs vəfat edəndə, harada basdırılmalıdır? Şəxsən mən istəmərəm İsraildə dəfn olunum. Hamıya da demişəm, vəsiyyət etmişəm ki, ölsəm, məni Azərbaycanda dəfn etsinlər. Mənim kimi çoxları var. Baxmayaraq ki, Türkiyədə və ya Rusiyada yaşayırlar, doğma vətəndə dəfn olunmaq arzusundadırlar. Vətəndə dəfn olunmaq istəyəni necə vətəndaşlıqdan çıxarmaq olar?! Məncə, bu problem mütləq həllini tapmalıdır.

 

 


15:14 03.03.2017
Xəbər lenti
Bütün xəbərlər