KANAL24.AZ
Az Iw En Ru

Prezident İslamiadanın təşkili və keçirilməsi ilə əlaqədar sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabineti bir ay müddətində IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiyası sisteminin təşkili üçün müvafiq tədbirlər görmək, akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etmək, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiq etmək, akkreditasiya sisteminin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görmək və digər məsələləri həll etmək tapşırılıb.

Həmçinin müəyyən edilib ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.

IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Xarici İşlər Nazirliyinə isə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi qaydalarının sadələşdirilməsi barədə xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.


01:49 03.03.2017