KANAL24.AZ
Az Iw En Ru

“Qarabağlı uşaqlar: məktəbdən-məktəbə təhsil mübadiləsi ” layihəsinə yekun vuruldu

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respubilkasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Qarabağlı uşaqlar: məktəbdən-məktəbə təhsil mübadiləsi ” layihəsini yekunlaşdırıb. 

Kanal24.az xəbər verir ki, layihə çərçivəsində Goranboy rayonu ərazisində fəaliyyət göstərən Xocalı, Ağdam rayonu Quzanlı qəsəbəsində fəaliyyət göstərən Ağdam, Ağcəbədi rayonu Taxta körpü qəsəbəsində fəaliyyət göstərən Laçın məcburi köçkün tam orta məktəblərində layihə uğurla icra edilmiş, qarşıya qoyulan məqsəd layiqincə yerinə yetirilib.
Bakı və Mingəçevir şəhərində məskunlaşmış, bütün işğal olunmuş bölgələri təmsil edən 44 nəfər şagirdin iştirakı ilə həyata keçirilən layihənin məqsədi respublikamızın müxtəlif bölgələrində məcburi köçkün kimi doğulub-böyüyən uşaqların bir-birlərini tanıması, ünsiyyət qurması, unutqanlığın və yadlaşmanın qarşısını almaqdan ibarətdir.
Hər 3 rayonda keçirilən tədbirləri Azərbaycan Respubilkasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq Azərbaycan Gənclər Fondunun fəaliyyəti, gənclər təşkilatlarının və fərdi gənclərin layihələrinin maliyyəşməsində göstərdiyi dəstək haqqında məlumat verdi. V. Qədirov “Qarabağlı uşaqlar: məktəbdən-məktəbə təhsil mübadiləsi ” mövzusunda həyata keçrilən layihənin icrası zamanı yaşanan duyğusal anların məktəblilərin həyatlarında və bundan sonrakı fəaliyyətlərində, tədrislərində xüsusi rola malik olacağını bildirdi.
V.Qədirov “Burada elə şagirdlər bir-birləri ilə tanış oldular ki, onların valideyinləri vaxtilə bir kənddə yaşamış, eyni məktəbdə təhsil almış, bir parta arxasında əyləşmişlər. Bunun nə qədər çətin və bizim ürəyimizdə nə qədər məsuliyyətli bir yük olduğunu dərindən dərk etməliyik”- deyə qeyd etdi.
V. Qədirov böyüməkdə olan nəslin Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycançılıq ideologiyası, Möhtərəm Prezidentimiz İlham Əliyevin vətənpərvər siyasətilə tərbiyə olunduğunu qeyd edərək tezliklə işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunacağını, eyni rayondan, eyni şəhərdən, kənddən olan, eyni məktəbdə təhsil almaq hüququ pozulan şagirdlərin tezliklə öz doğma yurd-yuvalarında təhsillərini davam edəcəklərinə əmin olduğunu bildirdi.
Keçirilən tədbirlərdə Xocalı, Ağdam, Laçın rayonlarının icra hakimiyyətləri başçılarının müavinləri, Gənclər və idman idarələrinin rəisləri, məktəb direktorları və şagirdlər iştirak ediblər.


07:59 14.10.2014
Xəbər lenti
Bütün xəbərlər