KANAL24.AZ
Az Iw En Ru

Texas və Bostonda "XOCALI DƏHŞƏTİ"

Fevralın 25-də Boston şəhərində Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin yaxından dəstəyi ilə Xocalı qətliamının 25-ci ildönümünə həsr olunmuş toplantı təşkil edilib. Toplantıya Azərbaycan və Türk icmalarının təmsilçiləri və eləcə də yerli ictimaiyyətin nümayəndələri qatılıblar. İştirakçılar arasında Türkiyə Respublikasının Bostondakı Baş konsulu Ömür Budak da olub.

İlk əvvəl, Harvard Universitetinin Kennedi adına Hökumət Məktəbində təhsil alan Fəxrəddin İsmayılov toplantı iştirakçılarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda ölkəmizin üzləşdiyi təcavüz və işğal haqqında məlumat verib və bu kontekstdə, erməni hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bəşəriyyət əleyhinə cinayət olan Xocalı qətliamından söz açıb. Xocalı sakinlərinin məruz qaldıqları iztirablar iştirakçıların diqqətinə çatdırılıb və dinc sakinlərin qanına qəltan edildiyi bu dəhşətli faciənin 25 il sonra hələ də beynəlxalq səviyyədə öz ədalət mühakiməsini gözlədiyi qeyd edilib. Azərbaycanın bu istiqamətdə apardığı ədalətli mübarizəyə göstərilə biləcək hər bir dəstəyin böyük önəm daşıdığı vurğulanıb.

Bu təqdimatın ardınca tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra çıxış edən Türkiyənin Boston Baş konsulu Ömüt Budak Azərbaycan xalqına qarşı Xocalıda xüsusi qəddarlıqla həyata keçirilən vəhşilikləri xatırladaraq, onları qətiyyətlə qınayıb. Ömür Budak xalqımızın ağrılarına şərik çıxmış və hüznümüzü bölüşdüyünü ifadə edib. O, ölkəsinin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” devizinin ruhuna sadiq olaraq, haqq mübarizəmizdə hər zaman xalqımızın yanında olduğunu bəyan edib. Baş konsul Azərbaycan torpaqlarının işğalına dərhal son qoyulması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən yana danışıb.

Çıxışların ardınca iştirakçılara Xocalı qətliamından bəhs edən “Sonsuz Dəhliz” (“Endless corridor”) müstəqil filmi nümayiş etdirilib və bu film böyük maraqla qarşılanıb. Qeyd edək ki, sözügedən filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.

Tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilən bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olan hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak edən şəxslərlə müsahibələri əsasında qurulub.

Fevral 25 Hyuston şəhərində Azərbaycan Mərkəzinin təşkilatçılığı və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə Xocalı soyqırmının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib, daha sonra isə ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” (“Endless corridor”) müstəqil sənədli filmi nümayiş etdirilib.

Tədbirdə diplomatik korpus, Hyuston şəhər meriyası, yerli ictimaiyyət, Azərbaycan, Türkiyə, Braziliya, Bosnia və Herzeqovina, Pakistan icmalarının nümayəndələri iştirak edib.

Tədbiri açan Hyustondakı Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova iştirak edən qonaqları salamlayaraq Ermənistan tərəfindən törədilən Xocalı qətliamı ilə bağlı məlumat verib.

Əvvəlki illərdə olduğu kimi, Türkiyə Cümhuriyyətinin Hyustondakı Baş konsulu Ferhat Alkan qardaş Azərbaycanın bu tədbirinə qoşularaq çıxış edib. O, Ermənistanın törətdiyi Xocalı qətliamını qəti şəkildə pisləyib, onu törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini qeyd edib, bu ölkənin BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin yerinə yetirməli olduğunu vurğulayıb.

Öz növbəsində, Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Vüqar Qurbanov Ermənistan tərəfindən törədilən Xocalı soyqırmının niyyətli şəkildə həyata keçirildiyini, Xocalı əhalisinin çox böyük hissəsinin qətlə yetirildiyini, girov götürərək işgəncə verildiyini, yüzlərlə insanın itkin düşdüyünü xatırladıb. Bu əməlin yenicə müstəqillik qazanmış Azərbaycan xalqına qarşı yönəlmiş bir cinayət olduğunu, erməni millətçilərinin eyni cinayətləri digər işğal edilmiş Azərbaycanın şəhər və kəndlərində törətdiklərini qeyd edib. Azərbaycanlı diplomat soyqırım və insanlıq əleyhinə cinayət olan bu əməlləri törədən şəxslərin ədalət mühakiməsinə cəlb olunacağına, həmçinin xalqın və onun tərkib hissəsi olan xarici ölkələrdəki diasporamızın dəstəyi ilə Azərbaycan rəhbərliyinin ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə inamını ifadə edib.

Daha sonra Texas A&M Universitetinin tədqiqatçısı Samir Hüseynov çıxış edərək Xocalı qətliamı barədə iştirakçılara geniş məlumat verib. O, bu faciənin faktoloji, hüquqi və siyasi məqamlarını izah etmiş və bu mövzuda yazılmış elmi araşdırmalarda yer almış əsas məqamları səsləndirib.

Tədbirin ikinci hissəsində tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilmiş “Sonsuz dəhliz” (“Endless corridor”) müstəqil sənədli filmi nümayiş etdirilib. Bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub.

Qeyd edək ki, sözügedən filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.

Tədbirin sonunda tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.


15:49 27.02.2017