KANAL24.AZ
Az Iw En Ru

Məhkəmə 74 yaşlı ölmüş qadını günahkar çıxaran müstəntiqin qərarını ləğv etdi - FOTO

Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, ev 4-də yaşayan Quliyev Hacıağa Balaağa oğlu Milli.Az-a müraciət edərək bildirib ki, "Azəriqaz" QSC-nin səhvi ucbatından 2016-cı il martın 16-da yaşadığı ünvanda yanğın baş verib. Hadisə nəticəsində H.Quliyevin anası, 1941-ci təvəllüdlü Quliyeva Səriyyə Kərim qızı həlak oldu. Onu xilas etməyə çalışarkən isə özü də 3-4-cü dərəcəli yanıq xəsarəti alıb. Yanğın zamanı stress keçirən atası Quliyev Balaağa Hacıağa oğlu da hadisədən təxminən 1 ay sonra dünyasını dəyişib. Bundan əlavə, ailəyə təkcə mənzildəki əmlakın yanması səbəbindən 11375 manat ziyan dəyib.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanıb. İş ibtidai istintaqın aparılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilib. Lakin prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Cahangir Şükürov tərəfindən aparılan təhqiqatdan sonra cinayət işinə xitam verilməsi haqqında qərar çıxarılıb. Qərara əsasən, cinayət hadisəsini yanğın zamanı həlak olmuş 74 yaşlı Səriyyə Quliyeva özü törədib. Prokurorluq tərəfindən təyin edilmiş ekspertizadan sonra yanğın nəticəsində Quliyev Hacıağa Balaağa oğluna məxsus mənzildə zədələnmiş əmlakın ümumi dəyəri isə 10 250 (on min iki yüz əlli) manat qəbul edilib.

Müstəntiqin qərarında göstərilir ki, hadisə qaz avadanlıqlarında hər hansı nasazlıq və texniki qüsurun olmasından deyil, qaz avadanlıqlarından düzgün istifadə olunmaması nəticəsində baş verib. İşin istintaqı zamanı həmin hadisə ilə əlaqədar "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən səhlənkarlığa yol verilməsi, yəni vəzifəsini yerinə yetirməməsi hallarına yol verilməsi təsdiq olunmayıb. Bu səbəbdən də cinayət işi üzrə icraata xitam verilib.

Lakin zərərçəkən və ailəsi müstəntiqin bu qərarı ilə razı olmayıb və onu qeyri-obyektiv adlandırıb. H.Quliyev hadisənin baş verməsində və anasının ölümündə "Azəriqaz"ı ittiham edir və günahkarların cəzalandırılmasını, eləcə də ailəsinə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini tələb edir. Bu səbəbdən də H.Quliyev baş vermiş hadisəyə görə məsuliyyətin dünyasını dəyişmiş 74 yaşlı anasının üzərinə atılmasını yolverilməz hesab edir. Bu məqsədlə o, Yasamal Rayon Məhkəməsinə müraciət edib. Hakim Azər Tağıyevin sədrliyi ilə aparılan məhkəmə araşdırmalarından sonra zərərçəkən H.Quliyevin şikayəti nəzərə alınıb və Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun müstəntiqi Cahangir Şükürovun 16 avqust 2016-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilib.

 

Qərarda göstərilir ki, müstəntiq cinayət işinə xitam verilməsi barədə qərarı qəbul edərkən mərhum Quliyeva Səriyyə Kərim qızının hüquqi varisləri müəyyən edilərək ifadələri alınmayıb, yalnız həmin şəxslərin iş onun icraatında olmadığı zaman verdikləri ifadələrə əsaslanıb. Baxmayaraq ki, həmin şəxslərin ifadələri ilə iş üzrə şahid qismində cəlb edilərək dindirilmiş digər şəxslərin ifadələri arasında ziddiyyətli məqamlar olub.  

Hazırda ailə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi Anar Hümbətovun yanğınla bağlı verdiyi rəyin də əsassız olması ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

H.Quliyev əlavə edib ki, adı çəkilən müstəntiqə ünvanlanan ərizələr arasında real əsası olmayan, saxtaları da var. Belə ki, guya Quliyeva Səriyyə Kərim qızının övladı Elmira Hüseynova bildirib ki,  yanğın zamanı ölən şəxs anası yox, Kuznesova Anastasiya İvanovna olub və buna görə də guya o, mərhum anası barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsinə etiraz etmir.

Ümumiyyətlə, ailə hesab edir ki, bu məsələdə qaranlıq bir sıra məqamlar var. Lakin onlar haqq-ədalət tam bərpa olunanadək mübarizə aparacaqlar.


23:52 25.02.2017
Xəbər lenti
Bütün xəbərlər