KANAL24.AZ
Az Iw En Ru

Dövlət Sosial Müdafiə Fondunda geniş kollegiya iclası keçirilib

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DSMF-nin sədri Elman Mehdiyev Azərbaycanda həyata keçirilən hərtərəfli inkişaf siyasətindən bəhs edərək bildirib ki, Prezident İlham Əliyevin uğurla reallaşdırdığı müasir inkişaf strategiyası nəticəsində ölkəmizdə dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb, beynəlxalq aləmdə nüfuzu durmadan möhkəmlənən etibarlı tərəfdaşa çevrilib.

Respublikamızın müasir standartlara cavab verən, vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən sığorta-pensiya sisteminin inkişafının 2014-cü ildə də davam etdirildiyini söyləyən E.Mehdiyev Fondun ötən il üçün büdcəsinin icrası haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, 2014-cü ildə Fondun gəlirləri 2013-cü ilə nisbətən 223,0 milyon manat və ya 8,3 faiz artaraq 2894,3 milyon manata yüksəlib. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1744,9 milyon manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 milyon manat çoxdur. 2014-cü ildə sosial sığorta haqlarının 64,6 faizi və ya 1126,4 milyon manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 13,5 faiz və ya 134,4 milyon manat artıqdır. Qeyri-büdcə üzrə sosial sığorta daxilolmalarındakı əhəmiyyətli artım ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisidir və bu artım tendensiyası nəticəsində dövlət büdcəsindən DSMF-yə ayrılan transfertin xüsusi çəkisi azalıb.

Ötən il ərzində DSMF-nin xərcləri 2868,8 milyon manat təşkil edib və bunun da 2809,1 milyon manatı və yaxud 98 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2738,5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 milyon manat təşkil edib.

Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 285 min nəfər artaraq 2 milyon 976 min nəfərdən çox təşkil edib ki, bu da ölkədəki iqtisadi inkişafa uyğun olaraq daimi yeni iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.

2014-cü ildə altı yeni elektron xidmət aktivləşdirilərək “Elektron hökumət” portalına inteqrasiya edilib. “Elektron hökumət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutan DSMF-nin elektron xidmətlərindən il ərzində Fondun həm öz saytı, həm də “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə ümumilikdə 1 milyon 380 minə yaxın istifadə sayı qeydə alınıb. Dünya Bankının “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

2014-cü ildə pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi Çağrı Sistemi” (“190-0” nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi, habelə “ASAN xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib.

Ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi üçün mühüm tədbirlərdən biri kimi 2014-cü ildə pensiyaçıların istifadəsinə verilmiş “Pensiya+” xidməti çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün avtomatik olaraq aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılıb və pensiyaçılar tərəfindən nağdsız ödəniş zamanı istifadə edilən bu vəsaitlərə görə heç bir xidmət haqqı ödənilmir. Fəaliyyətə başladığı dövrdən hazıradək bu xidmət çərçivəsində həyata keçirilən nağdsız ödənişlərin dövriyyəsi 2 dəfə artıb. Bilavasitə pensiyaçılara xidmət göstərən bankomatların sayı 858-ə çatdırılıb. Hazırda pensiya ödənişi aparılan pensiyaçıların 99,9 faizinin pensiyası plastik kartlarla ödənilir.

Müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilib. Təkcə 2014-cü il ərzində bu məqsədlə Fond 4 sayda mərkəzi, 15 sayda regional təqdimat keçirib. Bununla yanaşı “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” və “Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır” mövzularında KİV arasında müsabiqə keçirilib. Həmçinin elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı hazırlanaraq televiziya kanallarında yayımlanıb. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində 2014-cü ildə DSMF üzrə daxil olan vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 35 faiz azalıb.

Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı DSMF ilə Avropa İttifaqının birgə layihəsi 2014-cü ildə fəaliyyətə başlayıb. Qeyd edilən layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır.

Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli 827 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır.

İclas daxili müzakirələrlə başa çatıb.



22:28 11.02.2015