KANAL24.AZ
Az Iw En Ru

Məmməd Əliyev: "Ən yaxşı yol halallıqla yaşamaqdır"

Kanal24.az xəbər verir ki, Bakı şəhər Prokurorluğunun şöbə prokuroru, ədliyyə müşaviri Məmməd Əliyev YeniYurd.com saytına ekskluziv müsahibə verib. Prokuror şok faktlar açıqlayıb. Müsahibəni olduğu kimi təqdim edirik:

 

“Yeniyurd.com”-un müsahibə bölümünün növbəti qonağı Bakı şəhər Prokurorluğunun şöbə prokuroru, ədliyyə müşaviri Məmməd Əliyevdir. Məmməd müəllimlə rəsmilikdən kənar, tam sərbəst formada söhbət etdik. Söhbət zamanı cənab Məmməd Əliyevin hökmlü prokuror görünüşünün arxasında mülayim və poetik ruhlu gözəl insanın olduğunu müşahidə etdim. Məmməd Əliyev Heydər Əliyev ideyaları ilə yaşayan, həyatının və fəaliyyətinin hər addımında Ulu öndərin fikirlərini tətbiq etməyə çalışan prezident İlham Əliyevin qayğısını demək olar ki, hər an xatırlayan, Onun həyata keçirdiyi siyasətə hər zaman sadiq olan insandır. Məmməd Əliyevlə səmimi söhbəti sizə təqdim edirik.

 

Məmməd müəllim, niyə məhz hüquqşunas oldunuz,bu seçimin səbəbi yəqin ki var...

Zəhmətkeş, halal ailədə böyümüşəm. Əsil-nəcabətimizdə, hüquq mühafizə orqanlarının mundirini daşıyan ikinci bir şəxs olmayıb. Hazırda atamın 83 yaşı var. Anam dünyasını dəyişib. Üç oğul atasıyam. Bir gün mən atama dedim ki, öncə mühəndis oldum, Rusiyada hüquq təhsili aldım mən də cəmiyyətdə nüfuz və hökm sahibi olmaq daha yaxşı yaşamaq istəyirəm. Maddi imkanlarım qənaətbəxş deyil. Atam dedi ki, oğlum, sən dırnağından saçına qədər mənim qanımdan yoğrulmusan, halalıqla böyümüsən. Sən öz həyat yolunu halalıqla davam etdirməlisən. Ən yaxşı yol halallıqla yaşamaqdır.

 

Maraqlıdır, nə üçün hakim olmaq istəyi yaranmadı?

 

"Məmməd, səndən yaxşı prokuror olar”

   Mən qətiyətli insanam. Hakimlər çox səbrli olmalıdır. Təbii ki, prokuror da səbrli olmalıdır. Mən özümdə bu keyfiyyətləri hiss etmişəm.Uzun illər öncə orta məktəbdə oxuyarkan tarix müəllimim Ələkbər Məmmədov mənə həmişə deyərdi: "Məmməd, səndən yaxşı prokuror olar”. Sovetlər dönəmində Azərbaycanda öz nüfuzu ilə seçilən bir universitet var idi - Bakı Dövlət Unversiteti. Tale elə gətirdi ki, mən Azərbaycan İnşaat Mühəndisləri İnstutunda təhsil aldım. Mühəndis oldum. Amma həmişə prokuror olmaq, prokuror mundiri daşımaq istəyi mənim üçün aktual olub. Bir sıra səbəblərə görə, Bakı Dövlət Unversitetində hüquq təhsili almaq mənə qismət olmadı. 1999-cu ildə  Rusiya Federasiyasında hüquqşünas olaraq ikinci ali təhsilimi başa vurdum.

 -Bildiyim qədər Yeni Azərbaycan Partiyasının yaranmasında müəyyən xidmətləriniz olub..

  

"Vüqar Rəhimzadənin yanında mənə  təşəkkürünü və ehtiramını bildirdi"

 

Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Bütün yaşamm və fəaliyyətim boyu Ulu öndərin ideyalarına sadiq olmuşam. 1992/1993-cü illərdə hələ yenicə formalaşan Yeni Azərbaycan Partiyasının məramnaməsini və Ulu öndərimiz Heydər Əliyevin ideyalarının təbliğində mən hörmətli akademik Ziya Bünyadovun, akademik Fərəməz Maqsudovun, Murtuz Ələsgərovun yanında olmuşam. Yeni Azərbaycan Partiyası Xətai rayonunun ilk təsis konfransında 3-cü çıxış edən edən şəxs mən olmuşam.

Onu da qeyd edim ki, Partiyasının ilk təsis konfransında Partiyasının ilk təftiş kommisiyasınin yekdilliklə sədri seçilmişəm. Rəhmətlik akademik Ziya Bünyadov, Yeni Azərbaycan Partiyasının Dövlətçilikdən  anlayışı olmayan üzdəniraq AXC iqtidarın dövründə Bakı kinotetrında keçirdiyimiz konfransı zamanı etdiyim çıxışdan sonra hörmətli ziyalılarımız  hazırda  Yasamal rayon İcra Hakimiyyətinin başçısı işləyən  İbrahim Mehdiyevin, Akif Qəmbərovun, mərhum akademik Fərəməz Maqsudovun, Murtuz Ələsgərovun, mərhum Ramiz Mirzəyevin, hazırda “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin yanında şəxsən mənə  təşəkkürünü və ehtiramını bildirmişdir.

Bir müddət Dövlət Neft şirkətində  mühəndis kimi fəaliyyət göstərdikdən sonra bu vəzifəni tərk etdim. Fikirləşdim ki, mən  daha geniş , daha nüfuzlu işlə vətənimə xeyir verə bilərəm. Elə həmin illərdə Azərbaycan Dövlət Neft şirkətinin təqdimatı ilə Rusiya Federasiyasında ali hüquq təhsili alaraq uşaqlıqdan arzusunda olduğum prokuror vəzifəsində işləmək istəyimin haqqında düşünməyə başladım.Artıq ikinci ali hüquq təhsilim var idi.

2000 ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin  I-Vitse prezidenti cənab İlham Əliyevə müraciət etdim. Bu dönəmdə Dövlətçilik qarşısında bu və ya digər vətənpərvər  xidmətlərim nəzərə alınaraq, bu müraciətimdən sonra mənə  36 yaşımda Prezidentimiz cənab İlham Əliyev imzaladığı 24.10.2000-ci il tarixli  No İ.Ə-34 saylı  "Zəmanət məktubu" ilə, Azərbaycan Dövlət Neft şirkətinin 10-cu dərəcəli hüquqşünas vəzifəsindən müstəsna halda birbaşa Azərbaycan Respublikasının Baş Prokurorluğun mərkəzi aparatında şöbə prokuroru vəzifəsinə təyin edilərək II dərəcəli hüquqşünas xüsusi rütbəsi verildi. Prezidentin “Zəmanət məktubu” Baş Prokurorluğa göndəriləndən sonra cənab Baş prokuror Zakir Qaralov məni qəbul edib tövsiyyələrini verdi. Bu təyinatım mənim üçün çox böyük bir hadisə idi.

 

24 fevral 1993-cü il, hələ qaraguruhçu AXC hakimiyyəti dövründə dünyaya göz açan övladınıza  ümummilli lider Heydər Əliyevin adını qoymaq ideyası, hardan yarandı?

 

"Övladıma Heydər adını verməklə, dövlətimizə etdiyim xidmətlərin ən müqəddəsini yerinə yetirmişəm"

 

1992/1993-cü illərdə Ulu Öndərimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlməzdən öncə O, Naxçıvan Muxtar Respublikasında olduğu tarixdə, o dövrün biz vətənpərvər gənclərinə xüsusi ehtiyacı olan bir zamanda Öndərimiz Heydər Əliyevə sonsuz sədaqət göstərərək, 24.02.1993-cü il tarixdə, yeni doğulan övladıma Heydər adını verməklə, dövlətimizə etdiyim xidmətlərin ən müqəddəsini yerinə yetirmişəm.

"Səs" qəzetinin 12 may 1993-cü il tarixli 24 (107) sayında böyük cəsarət göstərərək Ulu öndərin 70 illik yubileyi ilə bağlı "Hər iki Heydər yüz yaşasın" adlı məqalə çap etdirmişəm. Fəxr edirəm ki, övladım Əliyev Heydəri o ağır və təhlükəli illərdə Ümummilli lider Heydər Əliyevin adı ilə adlandırmışam.Oğlum  Əliyev Heydər bu adın məsuliyyətini dərk edir.O, hazırda Rusiya Dövlət Unversitetinin hüquq fakultəsinin magistatura pilləsində təhsilini davam etdirir.  Digər oğlum, Cavanşir Əliyev də hüquqşunasdır. Cavanşir Əliyev Bakı Dövlət Unversitetinin hüquq fakültəsini bitirən dönəmdə, 2013-cü ildə Bakı şəhərində Moskva Dövlət Beynəlxalq münasibətlər institutunun  (MGİMO)-nun məzunlarinin 1-ci ümumdünya forumu keçirilirdi. Cənab prezident İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın da qatıldığı təntənəli forumda hər iki övladım- Heydər və Cavanşir Əliyevlər də  iştrak edirdi.

Keçirilən bu forumdən sonra hər iki oğlumda təhsillərini maqistr pilləsində Moskvada davam etdirmək istəyi yarandığının şahidi oldum.Oğlum Cavanşir Əliyev Azərbaycan Diplomatiya Akademiyasının rektoru, böyük ziyalımız, akademik Hafiz Paşayevin tövsiyyəsi əsasında Moskva Dövlət BeynəlxalqMünasibətlərİnsititunun Beynəlxalq hüquq və Avropa Birliyi ixtisasının magistr pilləsi üzrə Dövlət proqramında əyani təhsil alır. Onu da qeyd edim ki, Azərbaycanın Rusiyadakı Fövqaladə və Sələhiyyətli  səfiri  cənab Polad Bülbüloğlu Cavanşir Əliyeva göstərilən xüsusi diqqətin məsuliyyətini dərk etməyi və yaxşı oxumağı ona tapşırmışdırOğlum Cavanşir Əliyev dövlətimizin, ona göstərdiyi qayğının məsuliyyəti dərk edərək əla qiymətlərlə oxuyur. Moskvadan ölkəmizə qırmızı diplom gətirmək niyyətindədir. Ulu öndərin adını daşıyan oğlum Əliyev Heydər Baş qərargahı Moskva şəhərində yerləşən, rəhbəri Leyla Əliyeva olan Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) və İDEA-nin üzvudür.

Xidməti fəaliyyətim siyasi fəaliyyətlə məşğul olmağa icazə verməsə də,  bütün varlığımla Yeni  Azərbaycan Partiyasının ideyalarına  bağlıyam.

 

Məmməd müəllim  oğlu Əliyev Heydərin  gələcək karyerası barədə də müəyyən məlumatlar verdi.

 

"Hüquqşunas olmaq öz seçimləri ilə olub"

 

Övladlarıma gəldikdə isə  məşhur İsveç alimi Zigmund Freydin nəzəriyyəsinə görə: "Ataların istedadı övladlarda dincəlir". Mənim istedadım, savadım, bacarəğım, mərdliyim, sadəliyim təbii ki, sadiqliyim oğullarımin üçündə də yaşayır. Övladlarım üçü də mənim göstərdiyim yolla – Ulu Ondərimiz Heydər Əliyevin  yolu ilə gedəcəklərini qətiləşdiriblər.

Hüquqşunas olmaq öz seçimləri ilə olub, mənim də müəyyən qədər tövsiyəm olub. Bu vəzifənin  daha nüfuzlu, daha  şərəfli, daha ədalətli olduğunu müşahidə etdikləri üçün təbii ki özlərində də hüquqşunaslığa meyl yaranıb.

Ölkəmizin Milli Məclisi tərəfindən mükəmməl qanunlar qəbul edilib. 22 yaşlı oğlum Əliyev Heydər bu böyük adı şərəflə daşımaq, bu ada layiq olmaq üçün elm və təhsilin zirvələrinə doğru inamla addımlayır.

O, bu ada layiq oxuyur, təhsil alır. İnanıram bu uca və möhtəşəm ada layiq işləyəcək. Oğlum Əliyev Heydərin karyerası ilə bağlı söhbət edərkən o mənə bildirdi ki, ata, mən hüquqşünas olaraq Prezident Adminstrasiyasında siyasi fəaliyyətlə məşğul olmaq istəyirəm.

 -Söhbət zamanı Məmməd müəllim Ulu öndər Heydər Əliyevi dəstəklədiyi dövrdə zaman-zaman məruz qaldığı məhrumiyyətlər və təzyiqlər barədə müəyyən təəccüb doğuracaq faktları bölüşdü.

 “1993-cü ilin iyun ayında Heydər Əliyevlə bağlı təbliğat apardığım, siyasi fəaliyyətlə məşğul olduğum üçün o zamankı iqtidarın əlaltıları məni  öldürmək istəyirdilər. Məni  o zamankı Çinar restoranının yanına aparmış hətta qapalı məkanda vəhşi  canavarla təkbətək qoydular ki, canavar  mənim həyatıma son qoysun!

 90-cı illərin əvvəllərində səriştəsiz, dövlətçilikdən  anlayışı olmayan insanların hakimiyyətdə olduğu  illərdə Ulu öndər Heydər Əliyevi dəstəklədiyi üçün o zamankı  siyasi iqtidarın əmrini yerinə yetirən insanlar tərəfindən təqiblərə məruz qaldı. Həmin illərdə sağlamlığıma ciddi ziyan dəyib. 

Onlar məndən "Səs" qəzetində 12 may 1993-cü il tarixli 24 (107) sayında böyük cəsarət göstərərək Ulu öndərin 70 illik yubileyi ilə bağlı "Hər iki Heydər yüz yaşasın" adlı çap elətdirdiyim məqaləmə təkzib verməyi tələb edirdilər. Hətta çap etdirdiyim “Hər iki Heydər 100 yaşasın” başlıqlı məqaləmi işğəncə ilə mənə məcburən yedizdirmək istəyirdilər.

Amma təbii ki, onların insanlığa sığmayan çirkin niyyətləri baş tutmadı. Allah məni qorudu, övladıma qaytardı.

 -Həyatınızı olduğu kimi yaşayırsınız? Sizin yaşam tərziniz necədir, nailiyyətlərinizə qısqnanlar varmı?

  Ulu öndər Heydər Əliyevin çıxışlarını dəfələrlə dinləmişəm,eşitmişəm,şahidi olmuşam, Ümmummilli lider mövqeyi olan insanlara dəyər verirdi. Mən də mövqeyi olan ziyalılardanam. Mən geniş ictimaiyyət tərəfindən də belə tanınmışam.

Sualınızın ikinci hissəsi ilə bağlı deyə bilərəm ki, 5-nəfərdən ibarət ailə üzvlərimlə Apşeronda Baki- Şamaxı yolu ərazisində sadə təmiz bir həyat yaşayıram. İki oğlum Moskvada üçüncü oğlum Bakıda təhsil alır. Tarixən sözünü deyən, mövqeyi olan insanla zaman-zaman qısqanclıqlar olub, bu gün də var. Bu da bir taledir mən yaşayiram. Ədliyyə müşaviriyəm. Hazırda Bakı səhər prokurorluğunda söbə prokuroru vəzifəsində işləyirəm.

Mənim nailiyyətlərimə qısqananlar var!

Onlar unudurlar ki, mən cənab prezidentimiz İlham Əliyevin "Zəmanət məktubu" ilə müstəsna halda prokurorluq orqanlarında işə qəbul olunmuşam. Biz, dünyaya gəlmişik bizə yaşamaq, yazmaq, yaratmaq hüququ verilib. Peşəkar hüquqşunas kimi özümü bu sahədə vətənimiz, dövlətimiz olan Azərbaycan üçün daha fəal, daha aktiv və lazımlı hüquşünas hesab edirəm.

 -Bəs, yaradıcılığa meyl necə yarandı?

    Poetik yaradıcılığa meyl daxili sevgidən, istəkdən, bir növ tələbatdan yarandı. Mətbuatda 1987-ci ildən dərc olunuram. Hazırda icra etdiyim vəzifə ilə bağlı fəal şəkildə yaradıcılığımı təbliğ edə bilməsəm də, hətta, kitab nəşr etdirə biləcək qədər, külliyyatım var. İstəyirəm mətbuatda çap olunan bir şeirimi nəzərinizə çatdırım:

 

Allahım dünyanı quranda Sənsən,

Qoruyanda sənsən Quran da Sənsən,

Müqəddəs "Kəbədə" Quranda Sənsən,

Özümü-özümdən qoru Allahim!

 

Tarix yaddaşımdır, ömrüm baş daşım,

Nadanın hökmü ilə kəsilir başim,

Sən ol mərhəmətim, sən ol sirdaşım,

Özümü sözümdən qoru Allahım!

 

 

Göylər pərəm-pərəm göydə ləpirlər

Bu insan seli nə göydən gəlirlər

Baxıram səmada çoxalır izlər

Özümü izimdən qoru Allahım!

 

Bir uzun həsrətin sınağındayam

Bu acı möhnətin qınağındayam

Doğranmış ağacın budaqındayam

Özümü gözümdən qoru Allahım!

 

 

 -Məmməd müəllimin qadınlar barədə bölüşdüyü fikirlər də diqqətəlayiqdir.

Fikirləşirəm ki, qarşımdakı qadın anadır, bacıdır , sevgidir, həyatdır, nurdur. Qadın nə qədər yüksək ali əşrəfə layiqdir ki, dünyamıza Məhəmməd Peyğəmbərimizidə o bəxş edib.

 

           Müsahibəni hazırladı: Aynur Qəniyeva

 


19:52 10.02.2015