KANAL24.AZ
Az Iw En Ru

Azər Süleymanov Gürcüstanı Xocalı soyqırımını tanımağa çağırdı – VİDEO

Gürcüstan parlamentinin azərbaycanlı üzvü Azər Süleymanov bu gün qanunverici orqanın iclasında Xocalı soyqırımı haqqında çıxış edib.

Azərbaycanlı deputat XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib.

Bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktını törədiblər. Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarətlər yetirilib, 1275 sakin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalıb.

Azər Süleymanov sonra bildirib ki, gürcü və azərbaycan xalqları dost və qardaşdılar. Xalqlarımız həmişə bir-birini dəstəkləyib:

“Azərbaycan və Gürcüstan dost və qonşu ölkələrdir. Tarix boyu bir-birimizin yanında olmuşuq. Bilirsiniz ki, illər öncə Gürcüstanın müstəqilliyi uğrunda gənc gürcü yunkerlər canlarından keçiblər. Xocalı faciəsi də azərbaycanlılar üçün eyni mahiyyət daşıyır. Hazırda onlarla ölkənin parlamenti Xocalı soyqırımına lazımı qiymət verib. Bu amillərdən çıxış edərək təmsil olunduğum Gürcüstan parlamentində də bu ağırılı hadisələrə lazımı qiymət verilməsinə çağırıram”.

 


23:54 22.02.2017