KANAL24.AZ
Az Iw En Ru

Cəhalət, təkcə savadsızlıq demək deyildir

"Onlara "siz də camaat kimi iman gətirin" deyildikdə (öz qəlblərində) deyərlər: "Biz də səfehlər kimi iman gətirək?!". Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər". ("Bəqərə" 13).

Səfeh sözünü bəzən ağlın kəmliyi, yüngüllük kimi mənalandırırlar. Ancaq həqiqətdə, səfeh o kəsdir ki, cahildir, insanlara qarşı düşmənçilik ruhiyyəsindədir, yaxşı ilə pisi bir-birindən ayıra bilmir. Ona görə də nəyin ziyan və nəyin faydalı olduğunu bilmir. (Tebyan)
Beləliklə deyə bilmərik ki, cəhalət sadəcə savadsızlıq deməkdir. Xeyr. "Dedi: "Heç cahil və nadan olduğunuz zaman Yusuf və qardaşı ilə nə etdiyinizi bilirsiniz?!". ("Yusif" 89).

Bu ayədən də göründüyü kimi, cəhalət nəfsin qələbə çalmasıdır. Günahkar insan hər nə qədər məlumatlı olursa-olsun, cahil və səfehdir. Çünki axirətə diqqət etmir və özü üçün cəhənnəm odunu hazırlayır.
Səfeh insan nəyin xeyirli və nəyin ziyanlı olduğunu ayırd edə bilmir. Ona görə də Quran buyurur: "Allahın sizin(yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə)verməyin". ("Nisa" 5).
Dinimizin nəzərinə görə o insan ki, elmə malikdir, lakin əməl meydanında axsayırsa, o, səfehdir. Bu insanlar nəzəri cəhətdən çox şeylər edə bilirlər. Ancaq o zaman ki, günahla üzləşərlər, nəfslərinə qalib gələ bilməzlər. Etiqad məsələlərində büdrəyərlər.

Qurani-Kərim bu insanları da səfeh adlandırmışdır. "İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada(peyğəmbərlik, imamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır". ("Bəqərə" 130).
Ona görə də deyə bilərik ki, cahil insan deyildikdə, savadsız insan nəzərdə tutulmur, səfeh insan nəzərdə tutulur. O insan ki, bildikləri heç bir dərdinə dərman ola bilmir. Əməllərində ixlası yoxdur. Axirəti tanımır. Bu cür insan Allahla ticarətdə ancaq ziyan edər. "Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular". ("Bəqərə" 16).


06:33 22.02.2017
Xəbər lenti
Bütün xəbərlər