KANAL24.AZ
Az Iw En Ru

Bakı Mühəndislik Universitetinin Nizamnaməsi təsdiqləndi

Prezident İlham Əliyev “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin rektorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2.1-ci və 8.2.2-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2.3-cü, 8.2.4-cü (“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin rektorunu vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti istisna olmaqla), 8.2.5-ci və 8.2.6-cı maddələrində nəzərdə tutulan səlahiyyətlərini Təhsil Nazirliyi həyata keçirir.

Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.


01:44 22.02.2017