KANAL24.AZ
Az Iw En Ru

Son finalçının Almaniya sınağı və ya "Lester"in ÇL ümidi

Bu həftə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Fevralın 21-də və ertəsi gün ümumilikdə 4 matç baş tutacaq.

Son finalçı "Atletiko" sabah "Bayer"in qonağı olacaq. Madrid təmsilçisi qrup mərhələsində 6 oyunda 15 xal toplayaraq, güclü "Bavariya"nı geridə qoymağı bacarmışdı. "Monako", "Tottenhem" və Moskva MOİK-i ilə eyni qrupda mübarizə aparmış "Bayer" isə ikinci yerin sahibi kimi, adını 1/8 final mərhələsinə yazdırmışdı.
"Atletiko" ötən həftə La Liqada "Sportinq Xixon" üzərində böyükhesablı qələbə qazanıb - 4:1. Dieqo Simeonenin yetirmələri İspaniya çempionatında hazırda 4-cü pillədə qərarlaşıblar.
Rəqibi kimi, "Bayer" də ölkə çempionatının son turunda qələbəyə sevinib. Leverkuzen təmsilçisi səfərdə "Auqsburq"dan güclü olub - 3:1.
"Bayer"də Hakan Çalhanoğlu cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Conatan Tah və Admir Mehmedi isə zədədən əziyyət çəkir. "Atletiko"nun heyətində də zədəli, matçda iştirakı sual altında olan futbolçular var: Bernabe Barraqan, Auqusto Fernandes, Dieqo Qodin, Xuanfran, Tiaqo və Yan Oblak.
 
Günün digər matçında "Mançester Siti" və "Monako" komandaları üz-üzə gələcək. Xosep Qvardiolanın yetirmələri qrup mərhələsində "Barselona"dan sonra ikinci olmuşdular. "Monako" isə E qrupunun birinci kimi adını 1/8 final mərhələsinə yazdırmağı bacarmışdı.
Premyer Liqada ikinci pillədə qərarlaşan "Mançester Siti" ötən həftə İngiltərə kubokunda "Haddersfild"lə qolsuz bərabərə qalıb. "Monako" isə hazırda Fransa çempionatına başçılıq edir. Knyazlıq komandası 3 gün öncə "Bastiya" ilə heç-heçə (1:1) oynasa da, ilk pillədən düşməyib.
 
Fevralın 22-də isə "Porto" - "Yuventus" və "Sevilya" - "Lester" matçları keçiriləcək.
 
"Porto" G qrupunun ikincisi kimi növbəti mərhələyə adladığı halda, "Yuventus" H qrupunda birinci olmağı bacarmışdı. Turin təmsilçisi ÇL-in cari mövsümündə hələ məğlubiyyətlə üzləşməyib.
Portuqaliya çempionatında ötən həftə "Tondela"nı darmadağın edən (4:0) "əjdahalar" turnir cədvəlində "Benfika"dan sonra ikincidilər. "Yuventus" da ölkə çempionatının geridə qalan turunda 4 qol vurub. Öz meydanında "Palermo"dan güclü olan (4:1) turinlilər turnir cədvəlinə başçılıq edirlər. "Qoca sinyora"nın heyətində Corcio Kyellini və Andrea Barzalyi zədəli olduğu üçün onların bu görüşdə iştirakı sual altındadı.
 
"Sevilya" isə İngiltərə çempionu "Lester"i qəbul edəcək. "Tülkülər" ötən mövsüm Premyer Liqada "at oynatsalar" da, bu mövsüm işləri qaydasında getmir. Təsadüfi deyil ki, Klaudio Ranyerinin yetirmələri çempionatda 25 turdan sonra 17-ci pillədə qərarlaşıblar. "Lester" Premyer Liqadakı uğursuzluğu ÇL-də yaxşı nəticə qazanmaqla unutdurmaq istəyir. Qrup mərhələsində birinci olan "tülkülər"in 1/8 final mərhələsindən hansı nəticə ilə ayrılacağı maraqla gözlənilir.
"Sevilya" da cari mövsümdə iddiasını ortaya qoyur. La Liqanın XXIII turunda "Eybar"ı 2:0 hesabı ilə üstələyən əndəluslular çempionatda 3-cü pillədə qərarlaşıblar. Bu mənada, "Sevilya" ilə duel "Lester" üçün heç də asan keçməyəcək.   
 
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
 
21 fevral
23:45. "Bayer" (Almaniya) - "Atletiko" (İspaniya)
Baş hakim: Uillyam Kollum (Şotlandiya)
 
23:45. "Mançester Siti" (İngiltərə) - "Monako" (Fransa)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
 
22 fevral
23:45. "Porto" (Portuqaliya) - "Yuventus" (İtaliya)
Baş hakim: Feliks Brix (Almaniya)
 
23:45. "Sevilya" (İspaniya) - "Lester" (İngiltərə)
Baş hakim: Klemen Turpin (Fransa)


21:50 20.02.2017