KANAL24.AZ
Az Iw En Ru

Sərnişinləri yollarda donduran marşrut avtobusları

Hava şəraiti ilə əlaqədar olaraq bu gün paytaxtın bir sıra yollarında avtobusların hərəkətində problemlər yaranıb. Səhər saatlarında sərnişinlər saatlarda yollarda qalıb.

Sərnişinlərin  verdiyi məlumata görə, “Gənclik” metrostansiyası qarşısındakı dayanacaqda 1 saatdan çox “3 saylı” avtobusu gözləyiblər. Adıçəkilən marşrutun avtobusları “Elmlər Akademiyası” istiqamətində hərəkət etsə də, “Dərnəgül” istiqamətində saatlarla gecikmə olub.

“Baku Bus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev də avtobusların hava şəraiti və tıxac səbəbindən yollarda qaldığı bildirir: “Bu gün səhər saatlarında 3, 6, 13 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarımızın intervalında gecikmə olub. Lakin gecikmənin səbəbi bizdən asılı deyil. Səbəb yollardakı tıxac və bəzi ərazilərdə buzlaşmadır. 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarımız “Koala” parkın qarşısında tıxacda qalıb və “Gənclik” metrostansiyası yaxınlığındakı körpünün buz bağlamasından hərəkət edə bilməyiblər. Nəticədə, 1 saat 40 dəqiqəyə qədər yolda qalmalı olublar. Ona görə də intervalda gecikmə olub. Hazırda isə bütün istiqamətlərdə avtobuslarımız normal intervalla hərəkət edir”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev  bildirib ki, səhər saatlarından paytaxtın bütün istiqamətlərində avtobuslardakı gecikmə ilə bağlı məlumatlar daxil olub:

“Müraciətlər ən çox 9-cu mikrorayon istiqamətində hərəkət edən avtobuslarla bağlıdır. Gün ərzində ən çox müraciət 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı olub. Daşıyıcı ilə əlaqə saxladıq. Onlar bütün avtobuslarının yolda olduğunu, gecikmələrin hava şəraiti ilə bağlı olduğunu bildirdilər. Paytaxtda bütün istiqamətlərdə avtobuslar xəttə buraxılıb, gecikmələr yalnız hava şəraiti ilə bağlıdır”.

M.Ağayev onu da vurğuladı ki, sürücülərə hərəkət zamanı hava şəraiti və yollardakı vəziyyəti nəzərə almalarının tövsiyə edildiyini bildirib.(Publika.az)


18:22 17.02.2017