KANAL24.AZ
Az Iw En Ru

Qarabağa ən çox fransızlar və ruslar gəlib gedir

XİN-in «qara siyahsı»nda olan 617 nəfər barədə tədbir görülə bilərmi?
Hikmət Hacıyev Qarabağ səfər edən hər kəsin məsələsinə fərdi yanaşıldığını deyir

Bir neçə ölkənin vətəndaşı olan Aleksand Lapşinin Azərbaycana ekstradasiya edilməsi bir neçə gün mətbuatın əsas gündəmini təşkil etdi. Lapşin 2016-cı il dekabrın ortalarında Minskdə Azərbaycanın sorğusuna əsasən saxlanıb. Səbəb onun Qarabağa dəfələrlə Bakının icazəsi olmadan səfər etməsi, Qarabağı «müstəqil ölkə» adlandırması və bu barədə internet resurslarında təbliğat aparmasıdır. Baş prokurorluq bildirir ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etdiyinə görə ittiham ediləcək. 

 
Azərbaycan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər etmiş xarici ölkə vətəndaşlarının siyahısı ”nda  A.Lapşinin adı 17-ci yerdədir. Siyahıda Lapşinin Rusiya, İsrail, Kanada və Ukrayna vətəndaşı olduğu qeyd edilir. 
Azərbaycan Respublikasinin işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısında isə ümumilikdə 623 nəfərin adı var. Həmin şəxslərin sırasında müxtəlif ölkələrin parlament üzvləri, jurnalistlər, elm, mədəniyyət, incəsənət sahəsinin təmilçiləri, şairlər, yazıçılar, rejissorlar, kinematoqraflar  yer alır. 
 
“Arzuolunmaz şəxs” elan edilən xarici parlamentarilər
 
7-ci yerdə  Almaniya vətəndaşı, Bundestaqın üzvü Albert Vayler (Albert Weiler) dayanır. O, 4 avqust 2014-cü il və 3 may 2015-ci ildə Azərbaycanın işğal olummuş ərazilərinə səfər edib. Səfərin məqsədi qondarma respublikanın keçirdiyi  “parlament seçkiləri”ndə müşahidəçi kimi iştirak etməsidir. 
 
Fransa Senatının üzvü  Alen Leon Neri 2011-ci il və 8 sentyabr 2014-cü ildə işğal edilmiş ərazilərdə olub. 
 
Kanada Parlamentinin üzvü Aleksandr Baleris (Alexandr Buleris) də 19 iyul 2012-ci ildə keçirilmiş “prezident seçkiləri”ndə müşahidəçi olduğuna görə adı siyahıya salınıb. 
 
Böyük Britaniya Lordlar Palatasının üzvü Baronessa Karolayn Koks, Fransa Senatının üzvü Bernar Furni (Bernard Fournier), Avropa Parlamentinin Fransadan olan üzvü Damyen Abad (Damien Abad), Uruqvay Parlamentinin üzvü Daniel Radio, Avropa Parlamentinin Niderlanddan olan üzvü Danyel Van Der Stoep, Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının üzvü David Klarinval, Bolqarıstan Parlamentinin üzvü Dimitır Kirilov Bayraktarov, İsveçrə Parlamentinin İsveçrə-Ermənistan dostluq qrupunun həmsədri Dominik de Byuman, Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının üzvü, Ermənistan üzrə dostluq qrupunun sədri Els Van Hoof , İspaniya Parlamentinin üzvü Eusko Alkartasuna, Avstriya Respublikası Avropa Parlamentinin sabiq üzvü Evald Yohan Ştadler, Fransa Senatının üzvü Filip Marini, Slovakiya Parlamentinin sabiq üzvü Frantişek Mikloşko, Avstraliya İttifaqı Yeni Cənubi Uels Ştatının parlamentinin üzvü Gladis Berejiklyan, Niderland  Parlamentinin üzvü Heri van Bomel, İspaniya Krallığı Avropa Parlamentinin
İspaniyadan olan üzvü Xordi Sebastia, Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Xorhe Orriko, Avropa Parlamentinin sabiq vitse-prezidenti (Polşa) Jacek Protasievits, Fransa Senatının üzvü Jan Bize,  Belçika Federal Parlamentinin üzvü Jorj Dalman, Rusiya Dövlət Dumasının üzvü Kiril İqoreviç Çerkasov, İsveçrə Parlamentinin üzvü  Lük Bartasat, Almaniya Bundestaqın Xistian Demokratlar Birliyinin üzvü Manfrend Qrund, Fransa Senatının üzvü Mişel Amiel, Rusiya Dövlət Dümasının üzvü Oleq Paxolkov, İran Parlamentinin üzvü Rubik Sardaryan, Latviya Parlamentinin üzvü Sergejs Potapkins, Böyük Britaniya İcmalar Palatasının üzvü Stefen Paund, Estoniya Parlamentinin üzvü Vladimir Velman, Avropa Parlamentinin Çexiyadan olan üzvü Yaromir Ştetina və digərlərinin adı da var.
 
Ərazilərimizə qanunsuz gedən jurnalistlərin əksəriyyəti Rusiya mediasındandır
 
Müxtəlif ölkələrin tanınmış media qurumlarının nümayəndələri də qondarma Dağlıq Qarabağ Respublikasına səfər etdiklərinə görə XİN-in “qara siyahı»sına düşüblər. Ən çox jurnalist Rusiya Federasiyasından səfər edib. Onların arasında “LifeNews” kanalının bir neçə əməkdaşı, “gazeta.ru” portalının müxbiri Aleksandr Rıbin, “Denqi” qəzetinin Anastasiya Kərimova, “Kommersant”qəzetinin jurnalisti İlya Barabanov , “Evrosport” telekanalının əməkdaşı İqor Kıtmanov, “Pervıy Kanal” telekanalının müxbiri İvan Prozorov, Gxo Moskvı” radiosounun müxbiri Vladimir Viktoroviç Varfolomeyev, “Pravda” qəzetinin əməkdaşı Vadim Tırkaçov, “NTV+” kanalının əməkdaşı Mixail Mossakovski, “Russia Today” telekanalının müxbiri Murad Qazdiyev “Komsomolskaya pravda” qəzetinin jurnalisti Antoni Halpin və digərləri var.
 
Bundan başqa, ABŞ-ın “New York Times” qəzetinin jurnalisti Endrü Kramer, Böyük Britaniyanın BBC telekanalının əməkdaşı Rayhan Demitri, həmin ölkənin “The Times” qəzetinin MDB bürosunun rəhbəri Antoni Halpin Maykl,  Türkiyənin “T24” xəbər portalının əməkdaşı Aris Nalcı, Fransanın  “Le Monde” qəzetinin jurnalisti Benua Vitkin, Livanın “MTV” kanalının müxbiri Cavad Kuzeyli, Ukrayna “Komsomolğskaə Pravda” qəzetinin müxbiri Anna Mamonova İrlandiya “Irish Times” qəzetinin jurnalisti Daniel Maklaqin,  Ukrayna "1+1" telekanalının müxbiri Dmitri Volkov,  Serbiya Respublikası “Politika” qəzetinin jurnalisti Draqan Vukotiç , Argentinanın “Clarin” qəzetinin əməkdaşı Fakundo Kantelmi, Almaniyanın “ZDF” telekanalının bir nemə əməkdaşı və digər jurnalistlər də var.
 
Siyahıda adı olan 623 nəfər barəsində hansı tədbirlər görülür, onları da Lapşinin aqibəti gözləyirmi? 
 
“Arzuolunmaz şəxslər” siyahısında barəsində cinayət işi olan digər şəxslər də var»
 
Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Bizimyol.info saytının sorğusuna cavab olaraq bildirib ki, “arzuolunmaz şəxslər” haqqında tədbirlər fərdi xarakter daşıyır. “Adı “arzuolunmaz şəxslər” siyahısına daxil olmuş hər bir şəxsin hərəkətləri kompleks şəkildə qiymətləndirilir. Onun fəaliyyətində kifayət qədər cinayət tərkibli elementlər olduğu təqdirdə bu və ya digər xarakterli təqib mexanizmləri həyata keçirilir. Azərbaycan bunu dəfələrlə bəyan edib və nəticələri ilə bağlı əcnəbi vətəndaşları xəbərdar etmişik”.
 
Hikmət Hacıyev əlavə edir ki, “arzuolunmaz şəxslər” siyahısında barəsində cinayət işi olan digər şəxslər də var. Məsələn, Slovakiya vətəndaşı Frantişek Mikloşko, İsveçrə vətəndaşı Vardan Sirmakeş və digərlərin adları var. Ona görə də bu məsələdə Azərbaycan tərəfi vəziyyəti kompleksı şəkildə qiymətləndirir və bütün detalları nəzərə alaraq, hər hansı şəxs barəsində hüquqi müxanizmlərlə bağlı addımların atılması ilə bağlı respublikanın hüquq-mühafizə orqanları tərəfindən qanuni müstəvidə qərarlar qəbul edilir” - deyə H.Hacıyev bildirir.
 
Qeyd edək ki, Frantişek Mikloşko Slovakiya Parlamentinin sabiq üzvüdür. O, qondarma «Dağlıq Qarabağ Respublikası»nda 23 may 2010-cu ildə, 14 fevral 2012-ci il və 3 may 2015-ci ildə keçirilimiş “parlament seçkiləri”ndə müşahidəçi olub. İsveçrə vətəndaşı Vardan Sirmakeş isə “Franck Muller” şirkətinin həm-təsisçisi və prezidentidir. O, 28 oktyabr 2014-cü ildə Zəngilan rayonunun Vejnəli kəndində yerləşən qızıl mədəninin açılışında iştirak edib.
 
Sülhəddin Əkbər: “Bundan sonra belə hallar təkrar olunmayacaq» 
 
Politoloq Sülhəddin Əkbər Bizimyol.info saytına açıqlamasında bildirib ki, bunlar hamısı siyasi oyunlardır. “Ermənistan-Azərbaycan münaqişəsinin həllində 10 illərdir heç bir irəliləyiş yoxdur. Son dövrlərdə isə Rusiyanın bu barədə hansısa təşəbbüslə çıxış edəcəyi, Azərbaycanın maraqlarına uyğun bir addım atacağı barədə ictimai rəy yaradılmışdı. Sonra məlum oldu ki, bu, sabun köpüyündən başqa bir şey deyil. Lapşinlə bağlı məsələ isə bu ictimai rəyin tərsinə döndüyü bir vaxtda diqqəti yayındırmaq üçün atılan bir addımdır. Yəni bu, Dağlıq Qarabağ məsələsininin həllində hakimiyyətin heç bir irəliləyişə, xüsusilə də Rusiya vasitəsilə nail ola bilməməsinin nəticəsidir. Bu, xüsusi səbəbdir. Ümumi səbəb isə ondan ibarətdir ki, iqtisadi vəziyyət ağırlaşıb. Yəni 2015-ci ilin əvvəlindən Azərbaycan maliyyə-iqtisadi böhrana, ardınca isə sosial-iqtisadi böhrana daxil oldu. Yəni hakimiyyət idarəçiliyində böhran üzə çıxdı. Getdikcə problemlər artır, hakimiyyət köklü islahatlar apara, nailiyyət əldə edə bilmir. Ona görə də bu məsələ ilə ictimai rəyi ölkənin köklü problemlərindən yayındırmaq məqsədi güdür. Görəcəksiniz ki, bundan sonra da belə hallar təkrar olunmayacaq. Yəni siyahıda yüzlərlə adam, var, heç biri barəsində bu günə kimi belə tədbir görülməyib” - deyə S.Əkbər bildirir.
 
XİN: Məsələyə siyasi don geyindirilməsi cəhdləri düzgün deyil
 
XİN-in məsələ ilə bağlı yaydığı bəyanatda isə qeyd edib ki, Lapşinə cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyil və sırf hüquqi xarakter daşıyan bu məsələyə hüquqi müstəvidə baxılmalıdır. “Vətəndaşlığını daşıdığı ölkələrin xarici işlər nazirliklərinin xəbərdarlığına baxmayaraq, A.Lapşin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinə Azərbaycan hökumətinin icazəsi olmadan qanunsuz səfərlər edib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına çağırışlar edib. Adının «arzuolunmaz şəxslər siyahısı»nda olduğunu bilərək o, 2016-cı ilin iyununda başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini açıq şəkildə bildirib”.
Bəyanatda qeyd edilir ki, Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluq Cinayət Məcəlləsininmüvadiq maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib: 
 
“A.Lapşin 2016-cı ilin dekabrın 14-də Belarus hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. O, 7 fevral 2017-ci il tarixində Belarus Respublikasından Azərbaycana ekstradisiya edilib və Penitensiar xidmətin Bakı istintaq təcridxanasına yerləşdirilib. A.Lapşinin məsələsi Azərbaycan qanunları çərçivəsində baxılır.”

15:32 14.02.2017