KANAL24.AZ
Az Iw En Ru

Bəzi dövlət qurumları da Nəqliyyat Nazirliyi kimi digərlərinə birləşdirilə bilər

Nəqliyyat Nazirliyinin ləğvi gözlənilən idi. Son illər sözügedən ləğv edilmiş nazirliyin səlahiyyətləri mərhələli şəkildə müxtəlif dövlət qurumları arasında paylaşdırılmışdı.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

 

 

Ekspertin fikrincə, Nəqliyyat Nazirliyinin ləğv edilərək məhz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğun atılan addımdır: "Finlandiya, Avstriya, Norveç, Almaniya (Nəqliyyat və Digital İnfrastruktur formasında), Bolqarıstan, Makedoniya, Kipr, Türkiyə, Andorra, Çili, Peru, İsveçrə (federal departament formasında), Latviya, Bosniya və Herseqovina, Qətər, Oman, Myanma və bir sıra ölkələrdə nazirliklər bu və ya oxşar adlar ilə fəaliyyət göstərirlər. Bu addımdan sonra Azərbaycanda struktur islahatların davam etdirilməsi çox vacibdir. Struktur islahatları çevik idarəetmə, xərclərə qənaət və xeyli dərəcədə şəffaf menecment deməkdir".

 

Mərkəzin rəhbəri qeyd edib ki, onların 2011-ci ildə hazırladığı struktur islahatları paketində nəzərdə tutulan bir sıra təkliflər ötən müddətdə reallaşsa da, növbəti dövrdə digər təkliflərin də reallaşması məqsədəuyğun olardı: "CESD "Azərsu", Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılmasını, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi və ayrıca idarə kimi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsini, İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılması, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qisminin isə İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsini (bu nazirliyin bazasında Yanacaq Energetika Departamentinin yaradılması) və digər islahatların aparılmasını təklif edir".


00:04 14.02.2017
Xəbər lenti
Bütün xəbərlər