KANAL24.AZ
Az Iw En Ru

"Sən özün mənə hədiyyəsən" dedisə, inanmayın - 14 fevralla bağlı dərdləşmə

Son günlər bekarçılıqdan əziyyət çəkən xalqımız böyük həvəslə Sevgililər Gününü müzakirə edir. Düşündüm ki, belə gözəl söhbətlərdən kənarda qalmaq mənim duyğusal, romantik, kədərli şair obrazıma xələl gətirər. Açığı, belə bayramların mənə qəti dəxli yoxdur. Sevgilim yox, sevənim yox...

Mən bu sevgisizlər arasında özümü çox rahat hiss edirəm. Şeirimi yazıb, kədərli oxucularımın yarasına duz səpib, daha da qanqaraçılıq yaratmaqla anın dadını çıxarıram.  Tam səmimi deyirəm, gənclərin sevgi iztirabı çəkməsi, sevgisizlikdən şikayətlənməsi mənə sərf edir. Kimin kefi pozulur, sevgilisi tərk edir, sevgilisi ilə dalaşır - mənim şeirimi oxuyur, paylaşır. Hətta ağlaya-ağlaya şeirlərimi səsləndirən gənclərin iztirabı narahat ruhuma, yanan qəlbimə rahatlıq gətirir. Kədərli şair, kədərli yazar olmaq sizə asan gəlməsin. Mənim də çörəyim kədərdən, iztirabdan, nifrindən çıxır. Bir sözlə, sevgisizlikdən əzab çəkənlərin bir gün mənim oxucum olmaq ehtimalı olduğu üçün onları səbrlə izləyirəm, göz bəbəyi kimi qoruyuram.

Sevgililər Gününün tarixi kifayət qədər qədimdir. Miladdan əvvəlmi, miladdan sonramı yaranması hələ də mübahisə mövzusudur. Bu məsələ də məni narahat etmir. Açığı, nə vaxt yaranmasının bir önəmi yoxdur. Ümumiyyətlə, yuxarıda qeyd etdiyim kimi, Sevgililər Gününün mənim üçün heç bir önəmi yoxdur. Şəxsən mənə sevgilisi olan xoşbəxtlər yox, sevgisiz, sevgilisiz gənclər sərf edir.

Xülasə, bu günlə bağlı məndən xoş sözlər eşitmək ehtimalınız sıfıra bərabərdir. Sevib-sevilmək, sevgidən xoşbəxt olmaq, sevgililər günü qeyd etməkdənsə oturub kədərli-kədərli pəncərədən boylanmaq mənə daha xoşdur.  Sadəcə ürəyim dözmür gənclərin kədərli halına.

Hesab edin ki, mən də bu bayramda sizə qoşulub bu bayramı qeyd edirəm. Sizin xətrinizə, bəzi tövsiyələr də verəcəm.
Bir çox savadlı, istedadlı, intellektual gənclər sevgilisindən gül yox, kitab istəyir. Böyük əksəriyyət istədi-istəmədi, sevgilisinə yekə bir ayı kuklası -"mişka" hədiyyə edəcək. Məncə, dünyada ən sevimli hədiyyəsi ayı kuklasıdır. İlahi, ayıdan gözəl, ayıdan yaraşıqlı, ayıdan seksual heyvan varmı ki, sevgini simvolizə etsin? Bu hədiyyəni kim kəşf edibsə, allah ölənlərinə qəni-qəni rəhmət etsin.

Bəziləri deyir, sevginin günü olmaz, sevdinsə gərək il boyu sevəsən. Mən bu fikirlə razı deyiləm. Necə olur, sanitar günü, hamam günü, maaş günü olur, sevgililər günü olmur? Üstəlik, min ildir müxtəlif xalqlar bu günü qeyd edir, insanlar bir-birinə hədiyyələr verir, sürprizlər edir. Məsələn, miladdan sonrakı ilk yüzilliklərdə sevgililər kukla tapmadığı üçün bir-birinə canlı ayı hədiyyə edirmişlər. Ciddi sözümdür, belə şirin hədiyyələr min il əvvəl də olub, min il sonra da olacaq. İldə bir gün Sevgililər Günüdürsə, bunu ləyəqətlə, şərəflə qeyd etmək lazımdır. "Sevginin günü olmur" deyənlərə fikir verməyin. Bu gözəl gündə, şirin bayramda sevgilinizi tək qoymayın. Onsuz da bayramdan sonra hərəniz öz işinizlə məşğul olacaqsınız. Yenə sosial şəbəkələrdə tanımadığınız qızlara, oğlanlara baxıb udquna-udquna təəssüf hissi keçirəcəksiniz.

Heç şübhəsiz ki, sevginin günü olur, əzizlərim. Sevginin günü Müqəddəs Valentin Günüdür və tarixən bu bayramı qeyd edirik. Ulu babalarımızdan gələn bu bayramı qoruyub gələcək nəsillərə ötürmək bizim borcumuzdur.

 

Müqəddəs Valentin Gününə hazırlıqlı olmaq lazımdır. Əgər pulunuz yoxdursa, dostunuzdan bir "mişka"lıq borc alın.
Mənim aləmimdə sevgi maddiyyata bağlı məsələdir. Pulun yoxdursa, kasıbsansa, belə günləri qeyd etməyə cəhd etməsən, yaxşıdır. Kasıbınkı "mişka"dır. Alırsan, üzün ağ olur. Bir balaca intellektual kasıblar kitab alıb, ətir alıb sevgilisinin könlünü xoş edə bilərlər. Kasıblar onsuz da bayram-seyran bilən deyil. Bir qarın çörək də ən böyük hədiyyədir.
Əsl sevgini anlayanlar zənginlərdir. Üzümü sevginin dəyərini bilən səmimi zəngin insanlara tutub, bəzi məsləhətlər vermək istəyirəm.

Kasıblar bir tərəfə, siz istənilən fürsəti dəyərləndirib, sevgilinizi sevindirin, ona sürpriz edin, hədiyyə alın. Sizə yaraşan da budur.

Sevgililər Günü belə fürsətlərdən biridir.

Hədiyyəniz sadə bir "Porsche" avtomobili də ola bilər, ucuzvari "Gelandewagen" də...
Sürpriziniz Havay adalarına səyahət də ola bilər, Arizonaya gəzinti də...
Amma sakın gül-çiçək, ot-ələf, kitab-dəftər olmasın. Sevgini və sevgilini dəyərləndirmək lazımdır. Sevgiliyə dəyər vermək lazımdır.

"Sən özün mənə hədiyyəsən" deyən sevgilinin səmimiyyətinə inanmayın. Çünki istənilən halda bahalı hədiyyələr daha maraqlıdır. Sevgini və sevgilini yüksək dəyərləndirin. Sevgililər Gününü təntənə ilə qeyd edin.
Sevin, sevilin!(milli.az)


23:24 13.02.2017