KANAL24.AZ
Az Iw En Ru

Bakıda tikilən sosial evlər belə olacaq – FOTO

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Azərbaycanda ilk sosial ev layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi davam etdirilir. 

Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən kompleksdəki bir çox binaların təməli qoyulub və özüllər inşa olunur.

Bu arada kompleksdə tikiləcək binaların fotosu yayılıb. Fotoda burada tikiləcək binaların ümumi görünüşü və yerləşmə forması əks edilib. 

Həmçinin ümumi planda binaların bir-birinə yaxınlıq məsafəsi, qeyri-yaşayış sahələrinin, eləcə də bağça və orta məktəbin forması görünür.

Qeyd edək ki, Yasamal rayonu ərazisində inşa edilən kompleksin ümumi sahəsi 11,6 hektardır. Şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. 

Bunlardan 17-sinin ikibloklu doqquzmərtəbəli, 12-nin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır.

Bu binalardakı 1854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq.

Kompleksdə mənzillərlə yanaşı, bir sıra sosial obyektlər də tikiləcək. Onların arasında 240 yerlik uşaq bağçası və 960 şagird yerlik orta təhsil məktəbi də var.

Ərazidə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

 


16:58 26.01.2017