KANAL24.AZ
Az Iw En Ru

Qafqaz Universitetinin bazasında yeni statusda təhsil ocağı yaradılır - AÇIQLAMA

Bakıdakı Qafqaz Universitetinin fəaliyyəti dayandırılıb.

Universitetin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza Modern.az-a açıqlamasında universitetin ləğv olunması ilə bağlı xəbərə belə aydınlıq gətirib:

“Qafqaz Universitetinin “Təsisçilər Şurası” maliyyə vəziyyətini nəzərə alaraq universitetin  statusunun ləğv olunması qərarını verib. Artıq Qafqaz Universitetinin həm adı, həm də özü ləğv olunub. 

Universitetin taleyi ilə əlaqədar 10 gün ərzində Təhsil Nazirliyi qərar verəcək. Qafqaz Universitetinin yerində yeni statusda universitetmi yaranacağı, yaxud da, başqa universitetlərə köçürüləcəyi barədə qısa müddət ərzində məlumat veriləcək.

Qafqaz Universiteti SOCAR-ın nəzdində fəaliyyət göstərən dövlət mülkiyyətidir. Ola bilsin ki,  Təhsil Nazirliyinin və dövlətimizin qərarına əsasən yeni statusda universitet yaransın. Ona görə də indi əsas nazirliyin qərarını gözləyirik”.

Rəcəb Rza, tələbələrin diplomlarının tanınması məsələsinə də aydınlıq gətirib.

“Tələbələrin diplomlarının tanınmasında heç bir problem olmayacaq. Proses o şəkildə davam edəcək ki, tələbələr başqa universitetlərə köçürüləcək”.

Universitetin bağlanmasına Türkiyə dövlətinin təsirinə Rəcəb Rza belə cavab verib.

“Qafqaz Universitetinin bağlanmasına Türkiyənin elə bir təsiri yoxdur. Qafqaz Universiteti Azərbaycan universitetidir. Dövlət statuslu, SOCAR-ın tərkibində fəaliyyət göstərən beynəlxalq universitetdir. Təsirdən söhbət gedə bilməz. Əsas maliyyə məsələlərini nəzərə almışıq”.

Qeyd edək ki, Türkiyənin Ali Təhsil Şurasının (YÖK) qərarına əsasən 2016-cı ilə qədər “Qafqaz” Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacağı bildirilib.


18:50 18.01.2017
Xəbər lenti
Bütün xəbərlər