KANAL24.AZ
Az Iw En Ru

Vyanada “Qaynana“ bədii filmi ilk dəfə alman dilində təqdim edilib

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii axşam təşkil olunub.

 Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq Azərbaycan teatr və kino sənətində əvəzedilməz rollarla yadda qalan Nəsibə Zeynalovanın həyat və yaradıcılığından söz salıb.

Bildirilib ki, N.Zeynalovanın 100 illik yubiley tədbirləri Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycanla yanaşı, ölkənin hüdudlarından kənarda da silsilə tədbirlərlə yüksək səviyyədə qeyd olunub.

Tədbirdə Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov çıxış edərək, anası Nəsibə Zeynalova ilə bağlı xatirələrini bölüşüb. C.Novruzov Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətləri olan babası Cahangir Zeynalov və anası Nəsibə Zeynalova kimi dahilərin nəslindən olmasına görə daim fəxr etdiyini, lakin bununla yanaşı bu fenomenal şəxsiyyətlərin adının məsuliyyətini daim öz üzərində hiss etdiyini bildirib.

Sonra Nəsibə Zeynalovanın baş rolda oynadığı “Qaynana” filmi nümayiş etdirilib. İlk dəfə alman dilinə subtitrlərlə tərcümə edilən film tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Mədəniyyət Mərkəzində ölməz sənətkarın yaradıcılığına həsr olunmuş fotosərgi də nümayiş etdirilib.


16:59 18.01.2017