KANAL24.AZ
Az Iw En Ru

İmam Əlinin (ə) oğluna yazdığı məktubda Allahın vahidliyinin sadə izahı

Əmirəl-möminin (ə) oğlu İmam Həsənə (ə) yazdığı tərbiyəvi bir məktub vardır ki, burada Allahın vahidliyin sübut edir və bizlərə bir çox şeyləri öyrədir.

Bu məktuba biz də nəzər salaq: "Oğlum, bil ki, əgər Allah üçün şərik olsaydı, həmin ilahların peyğəmbərləri də mütləq gələrdilər və deyərdilər ki, biz də həmin ilah tərəfindən gəlmişik. Sən də həmin ilahın səltənətliyinin, padşahlığının və hökumətinin əlamətlərini görərdin. Ancaq Allahdan savayı başqa ilahın nə səltənətliyinin əsərləri vardır, nə də Allahdan qeyrisinin hökumətinin əsərləri. (Əgər olsaydı) Sən də onun işlərini, onun xüsusiyyət və sifətlərini bilərdin.

Ancaq Allah təkdir, Allah vahiddir və necə ki, Özü, Özünü təsvir etmişdir. Heç kəs hakimiyyətdə ona maneəçilik törədə bilməz.
Heç bir zaman məhv olmaz, gələcəkdə də məhv olmayacaqdır. O, hər bir əşyadan qabaqdır və bütün əşyaların axırıdır. Baxmayaraq ki, eyni halda axırdır, həm də əvvəldir. O, ondan da böyükdür ki, Öz rübubiyyətini qəlblər və baxışlar əhatəsində isbat etsin".

Bəli, əziz İmamın (ə) bu nurani məktubunda Allahın vahid olmasının bürhani dəlilllərlə təsdiqinin şahidi oluruq. Allah təkdir və vahiddir və heç kəs ona şərik deyildir. Əgər Allahın şəriki olsaydı, mütləq həmin ikinci ilah da öz elçilərini insanlara tərəf göndərərdi ki, belə bir hadisə baş verməmişdir. Allah - axır və əvvəldir. Eyni zamanda, həm axırdır və həm də əvvəldir. Bu sadə bürhan - hər bir insanın başa düşəcəyi gözəl və dəqiq bürhanlardandır.


03:01 15.01.2017