KANAL24.AZ
Az Iw En Ru

20 Yanvar xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda 20 Yanvar hadisələrinə və şəhidlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

İnstitutdan bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli xalqımızın çətin və şərəfli müstəqillik mücadiləsindən danışıb.

İ.Həbibbəyli 20 Yanvar gününün xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edərək 25 il əvvəl baş vermiş hadisələri tarixi gerçəklik və zaman nöqteyi-nəzərindən ətraflı şərh edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu hadisələrə verdiyi tarixi siyasi qiymətin böyük əhəmiyyətini vurğulayan akademik müstəqillik illərində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin daima uca tutulduğunu, bu istiqamətdə ardıcıl şəkildə dövlət səviyyəsində tədbirlərin həyata keçirildiyini xüsusi qeyd edib. Xalqımızın müstəqillik və azadlıq mübarizəsinin ədəbiyyatda və sənətdə də daimi mövzu olduğunu xatırladan institut rəhbəri göstərilən istiqamət üzrə bundan sonra da müstəqillik işığında yeni əsərlərin yaradılmasının vacibliyini vurğulayıb.

Tədbirdə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun “Ədəbiyyatda şəhidlik mövzusu və müasirlik” mövzusunda məruzəsi dinlənilib.

Professorlar Məhərrəm Qasımlı, Asif Rüstəmli və başqaları çıxış edərək 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi kimi səciyyələndirib, ədəbiyyatda milli azadlıq, şəhidlik mövzusu və müasirlik məsələləri ətrafında fikir və mülahizələrini bildiriblər./AzərTac/


08:04 18.01.2015