KANAL24 ONLINE TV

Rusiya Suriyada əlavə qüvvələr yerləşdirib

Prezident Vladimir Putinin tapşırığına baxmayaraq, Rusiya Suriyadakı hərbi qruplaşmanı gücləndirir.

Bu haqda iki yüksək vəzifəli Amerika məmuruna istinadən “Fox News” kanalı məlumat yayıb.

Mənbələr qeyd edir ki, Rusiya bu həftənin əvvəlində Xmeymim hərbi bazasına 4 Su-25 döyüş təyyarəsi yerləşdirib. Telekanalın həmsöhbətlərindən biri deyib ki, təyyarələr əlavə yanacaq üçün İranda da eniblər. “Fox News”un məlumatına görə, bazada 36 döyüş təyyarəsi və vertolyot var.

Həmsöhbətlər əlavə edib ki, Rusiya həmçinin Suriya ilə bağlanan müqavilə üzrə nəzərdə tutulandan əlavə hərbi qulluqçular göndərib. Burada Çeçenistan Respublikasından olan hərbçilər də daxildir. “Fox News”un mənbəyi Suriyaya göndərilən hərbçilərin sayını dəqiqləşdirməyib.

Xatırladaq ki, Rusiya prezidenti 2016-cı il dekabrın 29-da xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Suriyada Rusiya hərbi qüvvəsinin azaldılması ilə bağlı Müdafiə Nazirliyinin təklifini qəbul etdiyini bildirb.

“Suriya Respublikasında hərbi qüvvəmizin ixtisarı üzrə Müdafiə Nazirliyinin təklifi ilə razıyam”, - deyə Putin vurğulayıb.


14:04 12.01.2017