KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Ermənistanın kabusu olan silahlar alır – DÜŞMƏNƏ AĞIR ZƏRBƏ

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların uzun müddət davam etməsinə baxmayaraq, nəticə sıfırdır. Aprel müharibəsində Azərbaycan işğal altındakı ərazilərinin azad olunması üçün hərb variantının mümkünlüyünü sübut etdi.

Lakin Ermənistanın müharibənin dayandırılacağı təqdirdə, danışıqlar masasında konstruktiv mövqe sərgiləyəcəyi ilə bağlı xahişləri, həmçinin, vasitəçilərin istəklərinə görə proses dayandı. Ardınca Vyana və Sankt-Peterburq görüşləri keçirildi. Ciddi irəliləyişlərin olacağına ümidlər yaransa da, proses dalana dirəndi. Bu, müharibə variantının yenidən gündəmə gəlməsi deməkdir. Hansı ki, rəsmi Bakı beynəlxalq hüquqa əsaslanaraq, öz ərazilərini azad etmək üçün bu variantı heç vaxt istisna etmir. Belə bir məqamda əsas vəzifə Azərbaycan Ordusunun üzərinə düşür. Ordumuz apreldə buna qadir olduğunu və düşmən tapdağındakı torpaqlarımızın asanlıqla azad edilə biləcəyini sübut etdi. 2017-ci il bu baxımdan əhəmiyyətli il ola bilər. Ötən ildə olduğu kimi bu il də Azərbaycan Ordusunun güclənməsi istiqamətində ciddi addımların atılacağı gözlənilir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bunun anonsunu verdi.

Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək”, - deyə dövlət başçısı qeyd edib.

Hazırda dünyadakı iqtisadi çətinliyə, neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan hərbi potensialının gücləndirilməsi ilə bağlı proqramları ixtisar etmir. Çünki ərazi bütövlüyü pozulmuş hər bir dövlət üçün qüdrətli ordu vacib faktordur. Ordumuz döyüşqabiliyyəti və təminat-təchizat baxımından dünya miqyasında güclü ordular sırasındadır.

“Qlobal Firepower” təşkilatının hesabatında ordumuz hər il daha yüksək pilləyə qalxır. Misal üçün, 2015-ci ildə dünya üzrə 50-ci yerdə idiksə, ötən il göstəricilərimiz 10 pillədən çox yaxşılaşıb. Təşkilatın bu günə olan məlumatlarına görə, Azərbaycan Ordusu Asiyada 20-ci yerdədir. Ermənistanı 8 pillə qabaqlayırıq.

Aprel müharibəsi Ordumuzun hərbi potensialını açıq şəkildə göstərdi. Rusiya və İsraildən alınan hərbi texnikalar, xüsusilə İsrail istehsalı olan “Dron”lar və digər hərbi texnikalar düşmənə sözün əsil mənasında cəhənnəm yaşatdı.

Prezident İlham Əliyevin sözlərinə istinadən, deyə bilərik ki, 2017-ci il hərbi potensialımızın artırılması baxımından daha böyük işlər görüləcək.

Ölümcül silah

Bu il silah idxal edəcəyimiz əsas ölkə İsrail ola bilər. İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı bu məsələ dəqiqləşdi.

Netanyahunu Bakıda qəbul edən Azərbaycan prezidenti bildirdi ki, İsraillə 5 milyardlıq silah sazişi imzalanıb. İctimaiyyətə məlum olan məlumatlara görə, Azərbaycan İsraildən “Günbəz” raket kompleksini ala bilər. Bu raket kompleks düşmənin təmas xəttinə yaxın yaşayış məntəqələrini raket atəşinə tutmasının qarşısını almaq gücündədir. Aprel müharibəsi, ondan əvvəl və sonrakı dövrdə yaşadığımız təcrübə göstərdi ki, Ermənistan tərəfi bütün beynəlxalq hüquqlara zidd olaraq, istənilən an mülki əhalini artilleriya atəşinə tutur. İsraildən alınacaq hərbi texnika ilk növbədə düşmənin bu qeyri-insani hücumunu dəf edəcək.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgə qurumu” hesab olunan “Stratfor” beyin mərkəzi də ötən ilin dekabrında Bakının cəbhə ətrafı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək istiqamətində addımlar atdığını yazmışdı.

“Dəmir günbəz” müharibə zamanı təmas xəttinə yaxın şəhər və bazaların qorunmasına kömək edə bilər”, - deyə beyin mərkəzinin analizində bildirilirdi.

“Stratfor”, həmçinin qeyd edirdi ki, Azərbaycan İsraildən bir neçə batareya da almağı planlaşdırır.

Azərbaycanın İsraillə hərbi əməkdaşlığının Ermənistanı qorxuya saldığı da məlumdur.

İrəvanın kabusu

Benyamin Netanyahunun Bakı səfərindən sonra erməni jurnalist Tavos Artakyan “armenianreport” saytında həyəcanla belə yazdı: “Azərbaycan İsraildən aldığı silahlarla Qarabağı qaytarmağa hazırlaşır”.

Erməni jurnalist Azərbaycanın hər keçən gün gücləndiyini, Ermənistanın isə başının şəxsi problemlərə qarışdığını qeyd edib.

Serj Sarkisyan hakimiyyətini uzatmaq üçün parlament seçkilərinə hazırlaşır. Görünür, onun üçün kənarda baş verənlər maraqlı deyil. Ermənistanın Xarici İşlər Nazirliyi də heç bir addım atmır. Azərbaycan isə Qarabağı qaytarmaq üçün bütün vasitələrlə hərəkətə keçib. Bu gün İsraillə sıx əməkdaşlıq gələcəkdə Bakının məhz bu istəyinin reallaşmasına təkan verə bilər. Hansı ki, biz İsraildən alınan silahların dadını aprel müharibəsində gördük. Lakin Bakı bununla kifayətlənmir və 5 milyard dollarlıq silah müqaviləsi bağladığını açıq şəkildə dilə gətirir. Azərbaycanlılarla yəhudilər Qarabağı qaytarmaq üçün hərəkətə keçib, Sarkisyanın isə “bığı belə tərpənmir”, - deyən erməni jurnalistin bu sözləri Ermənistan ictimaiyyətinin təşvişini açıq şəkildə göstərir.


Azərbaycan İsraillə yanaşı, Türkiyə, Rusiya, Cənubi Koreya və digər ölkələrdən də silah idxalını həyata keçirir. Xüsusilə son illər son illər Rusiyadan milyardlarla dollarlıq yeni hərbi texnikalar alınıb. İctimaiyyətə açıqlanan məlumatlara görə, bura 100 ədəd “T-90S” tankı, “Smerç” reaktiv yaylım atəşi sistemləri, S-300 PMU “Favorit” zenit-raket kompleksləri, odsaçan sistemlər, özüyeriyən qaubitsalar və s. silah sistemləri daxildir. Azərbaycan Rusiyadan “Bal-E” taktiki sahil raket komplekslərini almağa da maraq göstərir. Eyni zamanda, Rusiya 2012-ci ildə Azərbaycana 8 ədəd zərbə helikopteri və 18 ədəd iri çaplı artilleriya sistemi çatdırıb. Bundan başqa, Azərbaycana 1200 ədəd daşınan zenit-raket kompleksinin (200 buraxıcı qurğu və 1000 raket) satışı gerçəkləşdirilib.

Milli silahlarımız

Bütün bunlarla yanaşı, Azərbaycan özününün müdafiə sənayesini də inkişaf etdirir.

Müdafiə sənayesi naziri Yavər Camalov bir müddət öncə mediaya açıqlamasında bildirmişdi ki, Azərbaycan 1100 ada yaxın müdafiə təyinatlı məmulat istehsal edir: “Bu gün Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin atıcı silahlar, döyüş sursatları, snayper tüfəngləri, minaatanlar, qumbaraatanlar, hücum pulemyotu, pilotsuz uçuş aparatları, zirühli maşınlar və sair müdafiə təyinatlı məmulatlara olan tələbatını təmin edir. Hazırda nazirliyin tabeli müəssisələrində 1100 ada yaxın müdafiə təyinatlı məmulat istehsal olunur”.

“Polonez” raket kompleksi

Belarus prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ilin 28-29 noyabr tarixlərində Azərbaycana səfəri çərçivəsində yeni hərbi texnikanın alınması məsələsinin də müzakirə olunduğu haqqında məlumatlar var idi.

Belarus mediası Lukaşenkonun Bakı səfərində əsas prioritetlərdən birinin hərbi-texniki əməkdaşlıq olduğunu yazmışdı. Məlumata görə, Azərbaycan Belarusun “Polonez” raket kompleksinə maraq göstərir. Bu, raket kompleksi düşmən tərəfinin raket-artilleriya hücumlarının qarşısının alınmasında xüsusi rola malikdir.

Bütün bunlar Ordumuzun 2017-ci ildə daha da qüdrətlənəcəyini və ərazi bütövlüyümüzün bərpa ediləcəyi günün uzaqda olmadığını göstərir.(Publika.az)


18:15 12.01.2017