KANAL24.AZ
Az Iw En Ru

20 yanvar günü Şəhidlər xiyabanı istiqamətində hərəkət necə olacaq?

Yanvarın 20-də Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb.

Plana əsasən, yanvarın 20-si səhər saat 07:00-dan axşam saat 18:00-dək Şəhidlər xiyabanı istiqamətində Parlament prospekti boyu və Mehdi Hüseyn küçəsində Teleteatrdan başlayaraq yollar bağlanacaq. Bu yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Vətəndaşların Şəhidlər xiyabanını ziyarəti saat 11:00-dan başlayacaq və 19:00-dək davam edəcək.

Yanvarın 20-də saat 12:00-da paytaxtda bir dəqiqəlik sükut elan ediləcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) isə bildiriblər ki, Şəhidlər xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyi təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsində Teleteatr binasının qarşısından, Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə və alternativ yollara üstünlük verməyə çağırıb.


19:49 17.01.2015