KANAL24 ONLINE TV
Az Iw En Ru

Antifosfolipid sindrom. Hamiləlikdə düşüklərin səbəbi

Antifosfolipid sindrom hüceyrələrin struktur elementi olan fosfolipidlərə qarşı anticisimlərin sintezi ilə xarakterizə olunan autoimmin xəstəlikdir. Hamilələrin təqribən 5 faizində ona rast gəlinir.

Müasir mama-ginekologiyanın ən aktual problerindən olan spontan düşüklər 30 faiz hallarda məhz antifosfolipid sindrom nəticəsində baş verir.

Sindromun inkişafına səbəb olan faktorlar sırasına genetik meyillik, bakterial və virus infeksiyaları, autoimmun xəstəliklər, sistem qırmızı qurdeşənəyi, düyünlü periarteriit, dərman preparatlarının (kontraseptivlər, psixotroplar) uzunmüddətli qəbulu və onkoloji xəstəliklər aid edilir.

Əlamətlər

Antifosfolipid sindrom klinik olaraq özünü müxtəlif əlamətlərlə büruzə verir, bəzi hallarda isə simptomlar qətiyyən üzə çıxmır. Sonuncu hala daha sıx rast gəlinir, tam sağlam hamiləlik fonunda spontan düşüklər baş verir. Xəstəlik zamanı hamiləliyin sona çatdırıla bilməməsinin əsas səbəbi qanın laxtalanma sisteminin aktivliyinin artmasıdır. Həmin səbəbdən plasenta damarlarında yaranan tromboz nəticədə düşük baş verir.

Sindromun nisbətən “təhlükəsiz” simptollarına baldır, pəncə və budlarda damar şəklinin güclənməsi aiddir. Daha ağır hallarda qan dövranının xroniki pozulması nəticəsində baldırda sağalmayan yaralar və barmaqların qanqrenası inkişaf edə bilir. Damar mənfəzinin tromblaşması çox olan xəstələrdə ağciyər arteriyasının tromboemboliyası və qəfləti ölüm riski yüksəkdir.

Xəstəliyin nisbətən az rast gəlinən əlamətlərinə torlu qişa damarlarının trombozu nəticəsində görmənin zəifləməsi, tamam itməsi və xroniki böyrək çatışmazlığı aiddir.

Hamiləlik sindromun əlamətlərini ağırlaşdırdığına görə həmin diaqnozlu xəstələr palnlaşdırılan hamiləlikdən əvvəl ginekoloqa müraciət etməlidirlər.

Müayinə

Antifosfolipid sindrom diaqnozunu qoymaq üçün qanın AFS markerlərə görə təhlili aparılır. Xəstəliyin ağırlıq dərəcəsi isə qanda trombositlərin azalma dərəcəsinə və koaquloqrammaya əsasən müəyyən edilir.

Hamiləlik müddətində iki həftədən bir, doğuşdan sonra isə üçüncü və beşinci günlər qanın laxtalanması yoxlanılır. Hamiləliyin 20-ci həftəsindən sonra hər ay aparılan USM və doplerometriya ana-plasenta-döl sistemində qan dövranının vəziyyətini yoxlamağa imkan verir.

Müalicə

Müalicə hamiləlikdən əvvəl başlananda xəstəyə kiçik dozlarda kortikosteroidlər verilir və onun qəbulu bütün hamiləlik boyu davam etdirilir. doğuşdan iki həftə sonra steroidlərin dozasını azaldaraq yavaş-yavaş kəsmək olar. Xəstəlik hamiləlik müddətində aşkar olunanda da eyni müalicə taktikası seçilir və hamilədə heç bir əlamət olmasa da, kortikosteroidlər təyin edilir. Steroidlərlə müalicə immun sistemi zəiflətdiyinə görə xəstəyə hamiləliyin 12 və 24-cü həftələrində və doğuşdan bilavasitə əvvəl kiçik dozda immunoqlobulin verilir.

Xəstənin vəziyyətindən asılı olaraq antiaqreqantlar, həmçinin plazmaferez də təyin edilə bilər.

Müasir tibbin nailiyyətlərini nəzərə alaraq demək olar ki, antifosfolipid sindromu diaqnozu dünyaya uşaq gətirmək üçün kəskin əngəl deyil, sadəcə olaraq həmin patologiyası olan hamilələr özünü və dünyaya gələcək körpəsini müxtəlif ağırlaşmalardan qorumaq üçün lazımi müayinələrdən keçməli və həkim təyinatlarını dəqiqliklə yerinə yetirməlidir.

Ağırlaşmalar

Dinamik həkim müşahidəsində olmayan və adekvat müalicə almayan xəstələrdə hamiləliyin erkən aylarında təkrarlanan düşüklər, dölün hipoksiyası və inkişafdan qalması, plasentanın soyulması, ağır hestozun inkişafı və  ağciyər arteriyasının tromboemboliyası kimi ağırlaşmalar baş verə bilər.


19:42 11.01.2017