KANAL24 ONLINE TV
Az Iw En Ru

Lirə niyə pis vəziyyətə düşdü? - TƏHLİL

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün səhər saatlarında Asiya birjalarında 3,8967 TRY/USD səviyyəsinə yüksəlib. Dolların məzənnəsinin yüksəlməsinə səbəb Türkiyə Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini artıracağı ilə bağlı qərar qəbul etmək istəməməsidir. Belə ki, TCMB uçot dərəcəsinin artmasını iqtisadi artımı yavaşladacağını düşündüyünü dəfələrlə bəyan edib. İnvestorlar isə inflyasiya ilə uçot dərəcəsi arasında ciddi fərq əmələ gəldiyini səbəb gətirərək lirə aktivlərini satıb, xarici valyuta almağa başlayıb.

Qeyd edək ki, 2017-ci ilə çöküşlə başlayan türk lirəsi bu gedişlə dollara nisbətdə 4 lirəyə qədər ucuzlaşacaq. Analitiklərin rəyinə görə, buna səbəb Türkiyənin siyasi baxımdan düşdüyü çətin vəziyyət, Mərkəz Bankın hərəkətə keçməməsi, inflyasiyanın proqnozdan yüksək olmasıdır. Asan deyil, türk lirəsi ilin ilk 8 əməliyyat günündə dollara nisbətdə 8.6 faiz ucuzlaşaraq ötən il yaşadığı 17 faizlik itkini davam etdirir. İlin əvvəlindən TL-dəki dəyər itkisi o qədər sərt olub ki, lirə dollara qarşı ucuzlaşan digər bütün pul vahidlərini geridə qoyub. Hətta 2017-ci ilin əvvəlindən ən pis performans göstərən Meksika pesosu belə dollara nisbətdə TL-nin yarısı qədər ucuzlaşıb.

Lirə niyə ucuzlaşır?

Türkiyədə çoxluq bunun başlıca günahını Türkiyə Cümhuriyyət Mərkəzi Bankında (TCMB) görür. İddialar isə belədir ki, ABŞ mərkəzi bankı FES-in faiz artımları ilə kəskin bəyanatlar verdiyi zamanda TCMB susur. Doğurdan da vəziyyət kirtikdir. Türkiyə iqtisadiyyatı 7 ildə ilk dəfə daralma nümayiş etdirir. Prezident Rəcəb Tayyib Ərdoğan və diğər hökumət nümayəndələri iqtisadi artıma dəstək verməsi üçün Mərkəzi Banka təzyiq etsələr də, ortada nəticə yoxdur.

Ölkənin gəlirlərinin artdığı zamanda investorlar türk lirəsi ilə olan səhmlərini əllərində tutmaq üçün daha yüksək faizlər tələb edirlər. Lakin Mərkəzi Bank lirəni dəstəkləmək məqsədilə faizləri artırmaq əvəzinə vaxt qazanır. Məsələn, ötən ilin mart ayında bank bir gecəlik borc vermə faizini 250 əsas bal endirdi. Daha sonra bir gecəlik borc vermə faizində 25 bal, həftəlik repo faizində 50 bal artıma getdi. Bu faiz artımları son 3 ildə gedilən ilk artımlar idi. FES-in faiz artımı türk lirəsinə qarşı təzyiqi artırsa da, TCMB faiz nisbətlərinin sabit tutmaqda davam etdi.

İnflyasiya

Türk lirəsindəki zəifləmə inflyasiyanı da alovlandırır. İstehlakçı qiymətləri ötən ay da 8.53 faizə yüksələrək, Mərkəz Bankın hədəfindən 3.5 faiz yuxarı olub. Beləliklə son 6 ildəki kimi yenə də Mərkəz Bank hədəfinə çatmayıb. “UniCredit”in analitiklərinin açıqlamalarına görə, Türkiyədə inflyasiya bu il 12 faizə qədər yüksələcək. Ən pisi də odur ki, onlar sərmayəçilərə Türkiyənin yerli istiqrazlarından uzaq durmağı məsləhət görürlər. Doğurdan da inflyasiya, ümumi daxili məhsulun 5 faizinə yaxınlaşan cari kəsirini maliyyələşdirmək üçün xarici fondlara ehtiyacı olan bir iqtisadiyyata ciddi baş ağrısıdır. Qiymətlərin artımı investorları əllərindəki vəsaitlərin dəyərdən düşəcəyinə dair təşvişə salır.

Ərdoğanın çağırışı

Dekabrın 2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşlara üz tutaraq, türk lirəsını qorumalarına dair çağırış elədi. Bildirdi ki, yastıq altında valyutası olanlar onu ya qızıla, ya da türk lirəsinə çevirməlidirlər. Əslində onun çağrışı təsirli ola bilərdi və vətəndaşlar burada sadəcə 6,6 faiz uduzacaqdılar. Lakin çoxluq yastıq altındakı dollarını lirəyə çevirmədi.

Özəl sektorun borcları

Türkiyədə mütəmadi borclanan özəl sektorun hazırda ağır valyuta öhdəçiliyi yaranıb. Ötən ilin sentyabr ayına olan məlumata görə, özəl sektorun borcu 213 milyard dollar təşkil edib. Türk lirəsi zəiflədikcə, bu şirkətlər də borclarını qaytarmaq məqsədilə sürətlə dollar alırlar. Əslində Mərkəzi Bankın dünənki toplantısında verdiyi qərarların (TCMB valyutada olan məcburi ehtiyatlar üzrə faiz dərəcəsini 0,5 faiz bəndi azaldıb. Bununla da TCMB bank sisteminə əlavə 1,5 mlrd. ABŞ dolları həcmində likvidlik ötürüb) lirənin məzənnəsinə təsir etməməsinin bir səbəbi də budur.

Saatların çəkilməsi faktoru

Türk lirəsində son 7 gündə yaşanan ən sərt eniş Tokio-London əməliyyatlarının başlanğıc saatlarına təsadüf edib. Bu vəziyyət aşağı həcmli əməliyyatların TL-dəki enişə təsir etdiyinə işarə ola bilər. Ekspertlər də lirədəki enişdə çox yüksək həcmlərin rolunun olmadığını demişdi.

Nəhayət sonda, yanvarın 24-də TCMB-nin növbəti toplantısı keçiriləcək. Bu dəfə hökumətin, yoxsa Mərkəzi Bankın qalib gələcəyi hələ də sual altındadır.


14:09 11.01.2017